REGİONLAR
“Günəşim” kukla teatrı ilk tamaşasını təqdim edib
Sumqayıt, 17 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
“Sumqayıt-70” layihəsi çərçivəsində yaradılan “Günəşim” kukla teatrı artıq şəhərin kiçik sakinlərinin ixtiyarındadır. Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, 4 saylı Diyarşünaslıq klubunun təşkilatçılığı ilə həyata vəsiqə alan “Günəşim” teatrı tamaşalarını N.Nərimanov adına Mədəniyyət Mərkəzinin səhnəsində təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, teatrın təqdimat tədbirində şəhər 4 saylı Diyarşünaslıq klubunun rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgisi nümayiş olunub.
Tədbir iştirakçılarını salamlayan Diyarşünaslıq klubunun müdiri Ayişə Səfərli bildirib ki, “Günəşim” kukla teatrının məqsədi uşaqların asudə vaxtlarının səmərəli və mənalı təşkilinə, onların dünyagörüşlərinin formalaşmasına yardımçı olmaqdır. Teatr daha çox səyyar fəaliyyətə üstünlük verəcək. Sumqayıtın mədəni-maarif müəssisələrində, o cümlədən regional idarənin əhatəsində olan mədəniyyət müəssislərində, həmçinin bölgələrdə də tamaşalarla çıxış edəcək.
Repertuardan danışan A.Səfərli tamaşaların Azərbaycan, rus, ingilis dillərində olacağını diqqətə çatdırıb. O, “Günəşim” kukla teatrının tək Azərbaycan və dünya xalq nağılları, fərqli tamaşalarla kifayətlənməyəcəyinə, həm də uşaqları müxtəlif şou və əyləncə proqramları ilə sevindirəcəklərini bildirib.
Teatrın bədii rəhbəri Ramilə Sadıqova, səs rejissoru Emil Murad, rəssamı Günel Hüseynovadır.
“Günəş” qrupunun ifasında şən mahnılar, “Buratino” qrupunun rəqsləri və klounların məzhəkəli çıxışları balacalara unudulmaz anlar yaşadıb.
Teatrın təqdimat mərasimindən sonra Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılı əsasında hazırlanan kukla tamaşası nümayiş olunub.