DÜNYA
Gürcü ictimaiyyəti sovet işğalına qarşı döyüşlərdə həlak olmuş qəhrəmanların xatirəsini anır
Tbilisi, 23 fevral, AZƏRTAC
Bu gün Gürcüstan xalqı 1921-ci ilin fevralında keçmiş sovet ordusuna qarşı döyüşərək həlak olan qəhrəmanlarının – yunkerlərinin xatirəsini anır.
AZƏRTAC xəbər verir ki, Baş nazir Mamuka Baxtadze, parlamentin sədri İrakli Kobaxidze, müdafiə naziri Levan İzoria və digər rəsmi şəxslər fevralın 23-də Yalququ, Kodjori və Tabaxmeloda şəhidlərin xatirəsinə ucaldılmış memorialların önünə əklil, çələng və gül dəstələri düzüblər.
Mamuka Baxtadze deyib: “Bu gün biz Gürcüstanın sovet işğalından azad olunması uğrunda həlak olmuş qəhrəmanların xatirəsini yad edirik. Mən onların ruhu qarşısında baş əyirəm. Gürcü xalqı bu qəhrəmanları ilə fəxr edir. Onlar heç vaxt unudulmayacaqlar”.
M.Baxtadze, həmçinin 1921-ci ilin fevralında həlak olmuş yunkerlərin xatirəsinə parlamentin həyətində açılmış foto sərgini də ziyarət edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi