DÜNYA
Gürcüstan hökuməti peyvənd tədarükü ilə bağlı Çin hökuməti ilə danışıqlar aparır
Tbilisi, 6 mart, AZƏRTAC
Gürcüstan hökuməti peyvənd tədarükü ilə bağlı Çin hökuməti ilə danışıqlar aparır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın səhiyyə naziri Ekaterina Tikaradze ölkənin Birinci kanalının (1tv.ge) “Günün mövzusu” proqramındakı çıxışı zamanı söyləyib.
Nazir deyib ki, Gürcüstan vətəndaşlarının təhlükəsizliyinin müdafiəsi üçün bütün mümkün imkanlar nəzərdən keçirilir. Bir çox ölkənin təcrübəsi və istifadə etdiyi vaksinin təsiri öyrənilir. Gürcüstan vətəndaşlarının Çin vaksini ilə peyvənd olunmasına da imkan yaradılacaq.
Onun sözlərinə görə, Çin vaksini ənənəvi metod üzrə hazırlanır. Buna görə də, vətəndaşlarımız arasında bu peyvəndə tələbatın kifayət qədər yüksək olacağına istisna olunmur.
E.Tikaradze qeyd edib ki, peyvənd tədarükü ilə bağlı İsraillə də danışıqlar aparılır.
Qeyd edək ki, Gürcüstana "Pfizer" vaksininin martın 22-dən sonra bir həftə ərzində çatdırılacağı gözlənilir. İnsanların peyvənd olunmasına isə aprelin əvvəlindən başlanılması nəzərdə tutulub.
Qeyd edək ki, Gürcüstanda koronavirusa yoluxma halları yenidən artıb. Son sutkada ölkədə daha 355 nəfərin koronavirusa yoluxması təsdiq edilib.
Daha 4 nəfər isə pandemiyanın qurbanı olub.
Bununla da Gürcüstanda COVID-19 virusuna yoluxanların ümumi sayı 272 min 617-yə, bu virusdan ölənlərin sayı isə 3 min 567-yə çatıb.