DÜNYA
Gürcüstan prezidenti: NATO-ya inteqrasiya bölgənin sabitliyinin gücləndirilməsinə və təhlükəsizliyə doğru gedən yoldur
Tbilisi, 10 avqust, AZƏRTAC
NATO-ya inteqrasiya, alyansa üzvlük təkcə Gürcüstan üçün vacib deyil. Bu yol qlobal əmin-amanlıq, bölgənin sabitliyinin gücləndirilməsinə və təhlükəsizliyə doğru gedən yoldur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident Salome Zurabişvili Gürcüstanda keçirilən çoxmillətli “Agile Spirit 2019” (Çevik ruh) hərbi təlimlərinin bağlanış mərasimindəki çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, Gürcüstanın NATO-ya inteqrasiya istiqamətində atdığı siyasi və hərbi addımlar, həyata keçirdiyi islahatlar onun daha həqiqi və davamlı tərəfdaş olduğunu göstərir. “Hərbi müdafiədə biz NATO-nun standartlarına riayət edirik. Bizim əsgərlərimiz Gürcüstan daxilində, eləcə də xaricdə beynəlxalq sülhün qorunması üçün mübarizə apararaq müttəfiqlərimizin etibarını qazanıblar”, - deyə Prezident əlavə edib.
Məlumat üçün qeyd edək ki, sözügedən təlimlərə NATO dövlətləri və tərəfdaş ölkələrdən üç min hərbçi qatılıb. Hərbi təlimlər Gürcüstanın üç hərbi bazasında keçirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi