CƏMİYYƏT
Gürcüstanda ağır cinayət törədərək Bakıda gizlənən silahlı şəxs polis əməkdaşları tərəfindən tutulub VİDEO
Bakı, 21 fevral, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə əməliyyat tədbiri həyata keçiriblər.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarəyə Elcan adlı şəxsin evində qanunsuz şəkildə odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs - Gürcüstanın Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) maddəsi ilə beynəlxalq axtarışda olan, həmin ölkənin vətəndaşı Elcan Cəfərov paytaxtın Xətai rayonu ərazisində tutulub. Onun kirayədə yaşadığı mənzilə baxış zamanı oradan nömrəsi silinmiş “Makarov” markalı tapança, bir ədəd “F-1” qumbarası, 32 patron, habelə 8,895 qram heroin və 4,403 qram psixotrop maddə hesab edilən metamfetamin aşkarlanaraq götürülüb. Araşdırma zamanı E.Cəfərovun cinayətkar mühitə meyilli şəxs olduğu və əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum edildiyi müəyyənləşib. E.Cəfərov Gürcüstanda ağır cinayət törətdiyi üçün bir müddət Bakı şəhərində gizləndiyi məlum olub.
Baş İdarənin əməkdaşları tərəfindən keçirilən daha bir uğurlu tədbir zamanı Balakən rayon sakini, əvvəllər məhkum olunmuş Əli Muğumov Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində tutulub. Onun qəsəbə ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı “Makarov” markalı tapança, həmin silaha məxsus sandıqça və 16 patron aşkar edilərək götürülüb.
E.Cəfərov və Ə.Muğumov barələrində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Onların barələrində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.