DÜNYA
Gürcüstanda hava nəqliyyatı ilə sərnişin daşınmasının həcmi artıb
Tbilisi, 16 aprel, AZƏRTAC
Cari ilin birinci rübündə Gürcüstan beynəlxalq hava limanlarından 1 milyon sərnişin daşınıb.
Bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 21 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi məlumat yayıb.
Məlumatda kiçik tutumlu Kutaisi aeroportundan da daşınmaların həcminin artıdığı bildirilir. Qeyd olunub ki, cari ilin yanvar-mart ayları ərzində bu limandan 152 min 700 sərnişin daşınıb.
Keçən il Gürcüstana davamlı uçuşlar həyata keçirən ölkələrin sayı da 53-dən 58-ə çatıb.
Ümumiyyətlə 2019-cu ilin birinci rübündə Gürcüstan hava limanlarından 5200 sərnişin və yük təyyarəsi uçuş edib. Bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 24 faiz çoxdur. Uçuşların 4640-ı mütəmadi, 560-ı isə çarter reysləri olub.
Yay aylarında Gürcüstana uçuşların sayının artacağı gözlənilir.
Agentlikdən bildiriblər ki, iyun ayından başlayaraq Ukrayna, Azərbaycan və digər ölkələrdən Batumiyə əlavə reyslər açılacaq. Bu da uçuşların və sərnişinlərin sayının daha da artacağından xəbər verir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi