DÜNYA
Gürcüstanda illik inflyasiya 12,5 faizə çatıb
Tbilisi, 3 dekabr, AZƏRTAC
Cari ilin noyabr ayında Gürcüstanda inflyasiya oktyabr ayı ilə müqayisədə 0,6 faiz olub. Ölkədə illik inflyasiya isə 12,5 faiz təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətindən məlumat verilib.
Bildirilir ki, ərzaq məhsullarının, alkoqolsuz içkilərin qiyməti 0,6 faiz bahalaşıb. Ölkə iqtisadiyyatında baza inflyasiyasına gəldikdə isə 2021-ci il ərzində bu rəqəm 6,1 faiz olub.
Bu da əsasən ərzaq məhsulları, alkoqolsuz içkilər, nəqliyyat, su, elektrik enerjisi, təbii qazın qiymətinin və digər kommunal xərclərin artmasına gətirib çıxarıb.
Belə ki, ölkədə süd, pendir və yumurtanın qiyməti 4,4 faiz, çörək və un məmulatlarının qiyməti 1,5 faiz, ət və yağın qiyməti 1,0 faiz, şəkər, mürəbbə və digər şirniyyat növlərinin qiyməti 0,9 faiz, kofe və çayın qiyməti 1,3 faiz bahalaşıb.
Məişət əşyalarının (mebel, mətbəx əşyaları, xalça, kilim, şüşə qablar) qiyməti isə orta hesabla 2 faiz artıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi