MƏDƏNİYYƏT
HÜSEYN CAVİDİN ÜÇCİLDLİYİNİN TƏQDİMAT MƏRASİMİ OLMUŞDUR
Azərbaycan Mədəniyyət Fondunun keçirdiyi tədbirdə Milli Məclisin deputatları, elm, mədəniyyət və incəsənət xadimləri, nazirlik və digər dövlət idarələrinin nümayəndələri iştirak edirdilər.
Mərasimi fondun idarə heyətinin sədri, Bakı Slavyan Universitetinin rektoru, filologiya elmləri doktoru, əməkdar elm xadimi Kamal Abdulla açaraq demişdir ki, külliyyat “Cavidə məhəbbətlə” adı altında nəşr edilmişdir. Bu, Cavidin xalqımıza, Vətənimizə növbəti qayıdışıdır. İlk qayıdış ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1983-cü ildə olmuşdur. O zaman şairin cəsədi uzaq Sibirdən gətirilərək doğma torpağa tapşırıldı. Üçcildlik fondumuzun məlum layihəsinin davamıdır. Bundan əvvəl “Füzuliyə məhəbbətlə” kitabını çap etmişik. İndiyədək Cavidin yazdıqları, onun haqqında yazılanlar ərəb və kiril qrafikaları ilə nəşr olunmuşdur. Təqdim etdiyimiz kitablar isə latın qrafikası ilədir.
Natiq xatırlatdı ki, layihəyə möhtərəm Heydər Əliyev xeyir-dua vermiş, onun reallaşdırılması isə Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə mümkün olmuşdur. Natiq külliyyatın işıq üzü görməsində zəhməti olanlara - Cavid irsinin bilicisi Turan Cavidə, əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevə, rəssam İsmayıl Məmmədova və digərlərinə təşəkkürünü bildirmişdir.
Nazir Əli Nağıyev, akademik Bəkir Nəbiyev çıxış etmişlər.
Qeyd olunmuşdur ki, Hüseyn Cavid Azərbaycan ədəbiyyatının ölməz simalarındandır. Onun timsalında Azərbaycan poeziyası dramatizm əxz edib, şerimizə dramatizm gəlib. Onun qələmi ilə Azərbaycan ədəbiyyatında elə bir janr yaranmışdır ki, sonralar səhnəmiz, Səməd Vurğunun “Vaqif” əsəri istisna olunmaqla, Cavidin mənzum dramları səviyyəsində əsər görməmişdir.
Bilavasitə üçcildlik haqqında deyilmişdir ki, o, nadir nəşrdir. İlk növbədə, ona görə ki, mötəbərdir. Təşəbbüskarların da, bu ideyanı həyata keçirənlərin də xoşbəxtliyindən bu gün Turan xanım həyatdadır. Onun bu nəşrlə bağlılığı, əməyi külliyyata çox böyük mötəbərlik vermişdir. Cavidin irsinin indiyədək heç bir nəşrində bu qədər dəqiqlik olmamışdır. Bu nəşrdə şairin hətta Turan Cavid tərəfindən anası Müşgünaz xanımın dilindən qələmə aldığı “Telli saz” adlı pyesinin bir hissəsi vardır.
Hüseyn Cavidin yadigarı Turan xanım bildirmişdir ki, həmişə atasının ölüm gününü- dekabrın 5-ni evdə keçirmişdir. İndi ilk dəfədir ki, şair elliklə anılır. O, üçcildliyin təşəbbüskarlarına və qonaqlara təşəkkür etmişdir.
Rejissoru əməkdar incəsənət xadimi Ramiz Həsənoğlu olan tədbirdə Akademik Milli Dram Teatrının aktyorlarının ifasında H.Cavidin şerləri səslənmiş, salonda qoyulmuş ekranda səhnə əsərlərindən parçalar göstərilmiş, tanınmış incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etmişlər.
Mərasim Ərtoğrul Cavidin “Fortepiano ilə skripka üçün prelüdlər” əsəri ilə başa catmışdır.
Təqdimat mərasimində Milli Məclisin sədri Murtuz Ələsgərov və Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov iştirak etmişlər.