REGİONLAR
Hacıqabulda bağlardan min tondan çox nar yığılıb
Hacıqabul, 26 noyabr, Mahir Babayev, AZƏRTAC
Hacıqabulda təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına da xüsusi diqqət yetirilir. Dövlətin aqrar sektorun inkişafı ilə bağlı məhsul istehsalçılarına göstərdiyi hərtərəfli dəstəkdən yararlanan bağbanlar cari ildə bağlardan bol məhsul götürmək üçün ağaclara nümunəvi qulluq göstəriblər. Bunun nəticəsində də bağlarda meyvə bol olub.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, xeyli vaxtdır hacıqabullu bağbanlar meyvə bağlarında yetişmiş məhsulun yığımını aparırlar. Bağbanlar indiyədək rayonda mövcud olan 1559.3 hektar meyvə bağından 11 min 881.9 ton meyvə yığıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur. Tədarük olunan meyvənin 262.4 tonunu alma, 198.4 tonunu armud, 40 tonunu albalı, 131.1 tonunu gavalı, 7 min 479.3 tonunu nar, 1699 tonunu heyva, 169.4 tonunu alça, 81.5 tonunu gilas, 437 tonunu ərik 100.2 tonunu şaftalı, 198 tonunu xurma və 862 tonunu isə sair meyvələr təşkil edib. Yığılan meyvə emal müəssisələri və bazarlara göndərilir.
Rayonda meyvə yığımı davam edir.