REGİONLAR
Hacıqabulda payızlıq taxıl səpini başa çatıb
Hacıqabul, 15 yanvar, Mahir Babayev, AZƏRTAC
Hacıqabulda təsərrüfatın digər sahələri ilə yanaşı, taxılçılığın inkişafına da xüsusi diqqət yetirib. Dövlət tərəfindən taxılçılıqla məşğul olan mülkiyyətçilərə yanacaq və sürtkü yağlarına görə güzəşt edilməsi, buğda istehsalçılarına son məhsula görə əlavə subsidiyaların verilməsi torpaq mülkiyyətçilərinin bu sahəyə marağını daha da artırıb. Bunun nəticəsində də rayonda taxıl istehsalı ilbəil artır, məhsuldarlıq yüksəlir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hacıqabullu əkinçilər ötən il 13 min 793 hektar sahədə biçin aparıb və sahələrdən ümumilikdə 40 min 933 ton taxıl yığıblar. Hər hektarın məhsuldarlığı 29.6 sentner olub.
Növbəti təsərrüfat ilində daha yüksək məhsuldarlığa nail olmaq üçün rayonda səpin kampaniyasına ciddi hazırlıq işləri görülüb. Fermerlər yüksək reproduksiyalı məhsuldar toxum sortları ilə təmin edilib, səpin kampaniyasının optimal müddətdə başa çatdırılması üçün lazım olan müxtəlif maşın-mexanizm, səpin aqreqatları sahibkarların ixtiyarına verilib. Məhsul istehsalçıları yaradılan şəraitdən bəhrələnərək qısa müddətdə 29 min 949 hektar sahədə səpini başa çatdırıblar. Hazırda əkinçilər sahələri suvarır və becərmə işləri aparırlar.