DÜNYA
Hamburqda Merkel, Makron və Putinin üçtərəfli görüşü keçirilir VİDEO
Bakı, 8 iyul, AZƏRTAC
Hamburqun “Atlantik” otelində Almaniya kansleri Angela Merkel, Fransa Prezidenti Emmanuel Makron və Rusiya lideri Vladimir Putin arasında üçtərəfli görüş keçirilir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, liderlərin görüşü səhər yeməyi zamanı baş tutub. Onların G20 ölkələrinin problemlərini, Ukraynada mövcud vəziyyəti və gündəlikdə duran digər beynəlxalq məsələləri müzakirə edəcəyi gözlənilir.
Ukrayna Prezidenti Petro Poroşenko Hamburqdakı görüşdə iştirak etmir. Belə ki, Ukrayna G20 sammitinə xüsusi dəvət olunan ölkələr arasında yer almayıb.
Ukraynada baş verən hadisələr dünən ABŞ və Rusiya prezidentlərinin Hamburqda iki saatdan çox çəkən görüşünün gedişində də müzakirə edilib. Dövlət başçıları yaranmış vəziyyətin həlli üçün Vaşinqton və Moskvanın nümayəndələri arasında ikitərəfli kanal yaratmaq barədə razılığa gəliblər.
Xatırladaq ki, Ukrayna böhranı müxtəlif formatlarda, əsasən də Rusiya, Almaniya, Fransa və Ukraynanın iştirakı ilə “Normandiya dördlüyü” formatında keçirilən danışıqlarında müzakirə olunur.