DÜNYA
Hançjounun 2 milyon sakini G20 sammiti ilə əlaqədar şəhəri tərk edib
Bakı, 5 sentyabr, AZƏRTAC
Çinin şərqində yerləşən Çjetszyan əyalətinin mərkəzi Hançjou şəhərinin 2 milyon sakini “İyirmilik qrupu” (G20) sammitinin keçirildiyi müddətdə ölkənin digər şəhərlərinə və ya xaricə səfər etməyə üstünlük verib. Bu barədə Çinin ən böyük turizm operatoru – Ctrip kompaniyası məlumat yayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, 9 milyon əhalisi olan Hançjou şəhərinin hökuməti G20 sammiti müddətində bəzi məhdudiyyətlər tətbiq edib. Təhlükəsizliyin gücləndirilməsinə yönəlmiş tədbirlər arasında əsasən şəhərin bəzi rayonlarında hərəkət reqlamentinin tətbiq edilməsi qeyd olunur. Həmin rayonlara yalnız orada yaşayan sakinlər və kompaniyaların əməkdaşları şəxsiyyəti təsdiqləyən xüsusi sənəd təqdim etməklə və təhlükəsizlik yoxlamasından keçməklə daxil ola bilərlər.
Əhalinin böyük bir hissəsinin Hançjounu tərk etməsinə bu və digər məhdudiyyətlərin səbəb olduğu bildirilir.