CƏMİYYƏT
Hande Harmancı: ÜST Azərbaycan hökuməti ilə birgə əhalini seroloji testlərdən keçirəcək
Bakı, 22 may, AZƏRTAC
Koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə tez-tez yeni testlər hazırlanır. Hazırda virusa yoluxub-yoluxmamağı müəyyənləşdirən seroloji testlərdən istifadə olunur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycan hökuməti ilə birgə əhalini seroloji testlərdən keçirməyi və neçə faizin xəstəliyi keçirmiş olduğunu müəyyənləşdirməyi nəzərdə tutur.
AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı mayın 22-də REACT-C19 layihəsinin ikinci mərhələsinin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
ÜST rəsmisi pandemiyanın ikinci dalğasından da bəhs edərək bildirib ki, ondan qorxmamaq lazımdır. Nə qədər çox dalğa olarsa, pandemiyanı bir o qədər çox üstələmişik deməkdir. Tək bir böyük dalğa olarsa, bu dalğa səhiyyə sistemini yükləyəcək, əhalinin sağlamlığına mənfi təsir edəcək. Biz hazırda tək böyük dalğadan qorunmuş vəziyyətdəyik.
“Karantin rejiminin yumşaldılmasından sonra yoluxma saylarında artım qeydə alınır. Bunun yeni dalğa olub-olmadığını müəyyən müddət ərzində əvvəlki nəticələrə baxaraq müəyyənləşdirə bilərik. Lakin əhalinin əməl etməli olduğu profilaktik tədbirlər dəyişməz olaraq qalır. İnsanların yeni normalara – sosial məsafəyə, gigiyena qaydalarına, tibbi maska və əlcəkdən istifadəyə alışması lazımdır. Buna ən azı bu ilin sonunadək riayət edilməlidir. Bizim gözləntimiz müalicə üsulunun aşkarlanmasıdır ki, xəstəliyin ağır forması və ölümlər yaşanmasın”, - deyə H.Harmancı bildirib.
Xəstəliyə təkrar yoluxma hallarının mümkün olub-olmamasına toxunan Hande Harmancının sözlərinə görə, bunun üçün koronavirusdan sağalan insanlar bir müddət müşahidə olunmalıdır. Həmin şəxslərin qanında anticisimlərin qalıcılığı və onları qorumaq iqtidarında olduğu araşdırılmalıdır. Bu proses uzun müddət tələb edir.