REGİONLAR
Havaların mülayim keçməsi əkin sahələrində gəmiricilərin çoxalmasına şərait yaradıb VİDEO
Quba, 22 yanvar, Elxan Yusifli, AZƏRTAC
Qış fəslində havaların mülayim keçməsi Qubanın əkin sahələrində gəmiricilərin çoxalmasına şərait yaradıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təsərrüfatçıların ziyanvericilərə qarşı apardıqları mübarizə tədbirlərinə baxmayaraq, sahələrdə gəmiricilərə tez-tez rast gəlinir.
Rayonun Pirvahid kəndində cari ilin məhsulu üçün taxıl əkən fermer Bahadır Mehrəliyev bildirir ki, hər il olduğu kimi, bu mövsümdə də taxıl sahələrini ziyanvericilərə qarşı dərmanlayıb. Amma qış fəslində sərt şaxtaların olmaması səbəbindən mübarizə tədbirlərinin səmərəliliyi azalıb. Təsərrüfatçılar mülayim hava şəraitində balavermə prosesi sürətlənən gəmiricilərin taxıl zəmilərinə ziyan vura biləcəyindən narahatdırlar.
Quba Rayon Bitki Mühafizə Mərkəzinin rəisi Kamran Məhərrəmov bildirib ki, müşahidələrə əsasən gəmiricilərin, ümumilikdə 4 min 500 hektara yaxın sahədə daha çox yayıldığı müəyyən edilib. Mütəxəssis taxıl zəmilərində növbəti dəfə dərmanlamanın həyata keçirildiyini, bununla yanaşı, fermerlərə səmərəli mübarizə üsulları ilə bağlı tövsiyələrin verildiyini qeyd edib. “Gəmiricilərə qarşı mübarizə zamanı sahələrdə ümumi yuvalar aşkarlanaraq sayı dəqiqləşdirilir. Bundan sonra yuvaların üzəri örtülür və işlək yuvalar müəyyənləşdirilir. Həmin işlək yuvalara zəhərli kimyəvi preparatlardan istifadə etməklə buğdadan hazırlanan aldadıcı yemlər yerləşdirilir və 2-3 gündən sonra üzəri torpaqla örtülür. Beş gündən sonra aparılan yoxlamalar zamanı açılan yuvaların sayına görə aparılan mübarizə tədbirlərinin bioloji səmərəsi, yəni məhv olan gəmiricilərin sayı təyin edilir”, - deyə mütəxəssis bildirib.
Oktyabr ayından başlayaraq Quba Rayon Bitki Mühafizə Mərkəzinin dəstəyi ilə 2 min 500 hektar sahədə mübarizə tədbirləri aparılıb.
Mütəxəssislər mübarizənin kompleks şəkildə həyata keçirilməsinin də əsas şərt olduğunu qeyd edir. Yəni dərmanlama prosesi bütün əkin sahələrində eyni vaxtda aparılmalı, bununla bərabər taxıl sahələrinin ətrafındakı ərazilər də ziyanvericilərə qarşı mübarizənin predmetini təşkil etməlidir. Əks halda dərmanlanan taxıl zəmilərindəki gəmiricilər qısa müddətdə digər sahələrə yayıla bilər.
Quba rayonunda 2020-ci ilin məhsulu üçün 9 min 637 hektar sahədə buğda, 2 min 136 hektar sahədə isə arpa əkilib.