MƏDƏNİYYƏT
“Hədəf”in yeni filialının açılışında “Pulsuz 3000 kitab” aksiyası keçirilib
Bakı, 18 sentyabr, Zərəngiz Mansurova, AZƏRTAC
“Hədəf” kursları və BMA-nın (Beyin Mühəndisliyi Akademiyası) təşkilatçılığı ilə “Hədəf”in yeni açılmış “20 Yanvar” filialında “Pulsuz 3000 kitab” aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, “Hədəf” kurslarının və BMA-nın rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq yeni aksiya barədə məlumat verib.
Bildirilib ki, fəaliyyətə başladığı 9 ildə “Hədəf” kursları təhsilimizin inkişafı, gənclərin maariflənməsi yolunda bir sıra mühüm layihələrə imza atıb. Bilik günü münasibətilə təşkil edilən “Pulsuz 3000 kitab” aksiyası da bu işlərin davamıdır. Bu aksiya da təhsilimizə dəstək məqsədilə keçirilir.
Tədbirdə layihəyə qoşulan kənar şəxslərin gətirdiyi dərslik, bədii kitablar da şagirdlərə ödənişsiz paylanılıb. Layihədə müxtəlif yaş qruplarından olan insanlar, eləcə də, “Hədəf” kurslarının şagirdləri, işçi və müəllim heyəti, əvvəlki illərin məzunları, müxtəlif media nümayəndələri iştirak ediblər.