MƏDƏNİYYƏT
Həmvətənimiz “Zolotıye qolosa Rossii” adlı konsertdə çıxış edəcək
Bakı, 6 mart, AZƏRTAC
Azərbaycanın Əməkdar Artisti Dinara Əliyeva martın 15-də Moskvada P.Çaykovski adına konsert zalında “Zolotıye qolosa Rossii” adlı konsertdə çıxış edəcək.
AZƏRTAC Dinara Əliyevanın saytına istinadla xəbər verir ki, o, konsertdə Aleksey Markovla (bariton) birgə ifa edəcək.
Konsertdə Cakomo Puççini, Rucero Leonkavallo, Cüzeppe Verdi və Umberto Cordanonun əsərləri səsləndiriləcək. Rusiya Milli Filarmonik Orkestrinə Almaniyadan Ken-David Mazur dirijorluq edəcək. Daha geniş məlumatı P.Çaykovski adına konsert zalının internet səhifəsindən əldə etmək olar.
Dinara Əliyeva (soprano) 2009-cu ildən Rusiyada Böyük Teatrın solistidir. O, Rusiya, İtaliya, Fransa, Yunanıstan, Çexiya, Monte-Karlo, ABŞ, Yaponiyanın opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində “GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib. 2015-ci ildə Moskvada Dinara Əliyevanın “Opera Art” Birinci Beynəlxalq Musiqi Festivalı keçirilib.
Dinara Əliyeva müxtəlif janrlarda, rus və Azərbaycan xalq mahnılarından, opera və operettalardakı ariyalardan tutmuş romans və cazadək müxtəlif əsərləri ifa edir.