REGİONLAR
Hərbçi tələbə NDU-da fəxrlə qarşılanıb
Naxçıvan, 4 dekabr, AZƏRTAC
Şanlı Qələbədən sonra Naxçıvana qayıdan Naxçıvan Dövlət Universitetinin Məşqçilik ixtisası üzrə qiyabi şöbənin I kurs tələbəsi Fəxri Qazıbəyov universitetdə fəxrlə qarşılanıb.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə əvvəlcə Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Hüquqşünaslıq ixtisası üzrə I kurs tələbəsi Yüksəl Əlizadə, həmin ixtisas üzrə qiyabi təhsil alan Orxan Kərimli və Teymur Osmanlının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ali təhsil ocağının rektoru, dosent Elbrus İsayev 44 gün davam edən və şanlı Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən Qarabağ zəfəri münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Vurğulanıb ki, qələbəyə Qarabağ müharibəsi dövründəki Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərdiyi yüksək liderlik keyfiyyətləri və Azərbaycan Ordusunun müasir hərbi vasitələr və silahlarla təchiz olunaraq yüksək əhval-ruhiyyə ilə mübarizəyə başlaması nəticəsində nail olunub. Rektor II Qarabağ döyüşlərində naxçıvanlı hərbçilərimizlə yanaşı, universitetdə təhsil alan tələbələrimizin də mərdliklə vuruşduqlarını, Şuşa uğrunda gedən döyüşlərdə də fəal iştirak etdiklərini diqqətə çatdırıb.
Fəxri Qazıbəyov da tədbirdə çıxış edərək bildirib ki, oktyabrın 11-dən döyüşlərə qatılıb və xüsusi təyinatlıların dəstəsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib. Qazimiz Azıx mağarasına girən ilk hərbçilər sırasında özünün də olduğunu qürur hissi ilə ifadə edib.
Rektor Vətən müharibəsində fəal iştirakına görə Fəxri Qazıbəyova Fəxri fərman təqdim edib.