ORDU
Hərbi hissələrdə psixoloji işə dəstək tədbirləri keçirilir
Bakı, 21 dekabr, AZƏRTAC
Müdafiə nazirinin təsdiq etdiyi təlimata əsasən, Şəxsi Heyət Baş İdarəsinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən hərbi hissələrdə psixoloji işin daha səmərəli təşkili, eləcə də hərbi qulluqçuların psixoloji cəhətdən öyrənilməsi və maarifləndirilməsi işinə dəstək fəaliyyətləri həyata keçirilir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi hissələrin psixoloqları və şəxsi heyətlə iş üzrə zabitlər gənc əsgərlərin xidmətə adaptasiyası, fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi ilə bağlı görüşlər keçirir, müvafiq tövsiyələr verir, yeni üsulların tətbiqinə dair maarifləndirmə işləri yerinə yetirirlər.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq istəyən hərbi vəzifəlilərlə peşə-psixoloji istiqamətlər üzrə seçim aparılır.
Gənc əsgərlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə hərbi xidmətin xüsusiyyətləri mövzusunda söhbətlər aparılır, eləcə də müxtəlif mövzularda praktiki məşğələlər keçirilir.