CƏMİYYƏT
Həsən Nəbiyev: İqlim dəyişmələrinə səbəb olan təbii amillər hələ ki, nəzərə alınmır
Bakı, 26 avqust, AZƏRTAC
İqlim dəyişmələrinin əsas səbəblərindən biri kimi əsas diqqət antropogen amillərə yönəldilib. Lakin bununla yanaşı, təbii amillər də var, hansı ki, hələ bu, nəzərə alınmır. Bunlara Günəş aktivliyinin dəyişməsi, Yerin fırlanma oxunun orbit müstəvisi ilə əmələ gətirdiyi bucaqda baş verən sarsıntılar və digər geofiziki amilləri nümunə göstərmək olar. Yəqin ki, həmin amillər də gələcəkdə nəzərə alınacaq. Ancaq hələ ki, antropogen amillər əsas faktor kimi götürülür.
AZƏRTAC xəbər verir ki, bunu akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun iqlim şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Həsən Nəbiyev deyib.
O bildirib ki, hazırda Avropa ölkələri, o cümlədən Azərbaycan istiləşməyə məruz qalıb, yağıntılar azalıb: “Azərbaycanın hər yerində temperaturun artımı, yağıntıların miqdarında azalma müşahidə olunur. Aparılan tədqiqatlar göstərdi ki, dağətəyi zonalarda yağıntıların miqdarı azalır. Lakin yuxarıya doğru qalxdıqca əvvəlki yağıntılara nisbətən artım müşahidə olunur. Aşağı hissələr bizə çox vacibdir, çünki orada quraqlaşma gedir. Araşdırmalara görə, Yerin qlobal istiləşməsi ilə əlaqədar olaraq həddən artıq qızmış hava gərək çox yuxarı qalxsın ki, soyumaya məruz qalsın, yəni kondensasiya səviyyəsinə çatsın, suyun buxar halından maye halına keçməsinə şərait yaransın. Odur ki, yağıntıların artması üçün dağətəyi zonalarda hava kütlələri kifayət qədər yuxarıya qalxmalıdır”.
H.Nəbiyevin sözlərinə görə, hazırda təbii fəlakətlərin sayında da artım var və bunun da səbəblərini izah etmək mümkündür: “Martda təbii fəlakətlərin sayında artım müşahidə olunub. Tədqiq elədik və gördük ki, Günəş aktivliyi mart ayından etibarən ikiqat artıb. Günəş fəallığının artması isə yuxarıdan gələn meridional proseslərin artımına səbəb olub. Azərbaycanda təbii fəlakətlərin yaranmasının əsas səbəbləri meridional proseslərlə sıx bağlıdır”.