SİYASƏT
Həştərxanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoyulub
Moskva, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Həştərxanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkda onun abidəsi önünə tər çiçəklər qoyulub.
AZƏRTAC Həştərxan vilayəti qubernatoru administrasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbirdə Həştərxan vilayəti hökuməti sədrinin müavini Mixail Boqomolov və digər rəsmi şəxslər iştirak ediblər.
Mərasim iştirakçıları Ulu Öndərin tunc heykəli önünə al qızılgüllər düzüblər.
Mixail Boqomolov qeyd edib ki, Heydər Əliyev Rusiya Federasiyası ilə strateji münasibətlərin möhkəmlənməsinə, o cümlədən Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələrinin inkişafına böyük töhfə verib.
Həştərxanda Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr çərçivəsində Ulu Öndərin adını daşıyan park yenidən qurulub, parkda onun abidəsi qoyulub. Parkın yanında uşaq şəhərciyi inşa edilib, Əliyev parkı ilə Qujvin prospektini birləşdirən “Rusiya-Azərbaycan dostluğu” piyada körpüsü salınıb. Heydər Əliyev adına 11 nömrəli məktəb yenidən qurulub, “Dostluq” uşaq bağçası tikilib. Volqa körfəzinin sahilində Müqəddəs Mələksima böyük knyaz Vladimirin abidəsi qoyulub, Azərbaycan İşgüzar Mərkəzi açılıb.
Dost Azərbaycan dövlətinin humanitar layihələrinə cavab olaraq, Həştərxan tərəfinin təşəbbüsü ilə Azərbaycanın paytaxtında “Bakı-Həştərxan dostluğu” parkı salınıb. Bakıda Həştərxan İşgüzar Mərkəzinin tikintisi başa çatmaq üzrədir. Bu mərkəz rusiyalı və azərbaycanlı sahibkarlar arasında birbaşa əlaqələrin nizamlanacağı məkan olmalıdır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva