CƏMİYYƏT
Həyatla fotolaboratoriyada vidalaşan tanınmış fotojurnalist - Oqtay Aydınoğlu
Bakı, 20 yanvar, AZƏRTAC
2009-cu ilin 20 yanvar günü. Bu tarix AZƏRTAC-ın kollektivinin yaddaşında 20 Yanvar hadisələrinin növbəti ildönümü olmaqla yanaşı, agentliyimizin Fotoinformasiya baş redaksiyasının baş redaktoru, respublikamızda tanınmış fotojurnalistlərindən biri - Oqtay Aydın oğlu Məmmədovun ömrünün 58-ci ilində əzizlərini və dostlarını tərk etməsi ilə də iz qoydu. Onun fotojurnalistika ilə döyünən ürəyi elə fotolaboratoriyada, iş başında dayandı...
Oqtay Aydınoğlu 1990-cı ildən həyatını Azərinformla – indiki AZƏRTAC-la bağlamışdı. 1998-ci ildən agentliyin Fotoinformasiya baş redaksiyasına rəhbərlik edirdi. Həmin illər ərzində Oqtay Azərbaycanda baş verən gərgin və mühüm hadisələrin təkcə canlı şahidi yox, həm də fotosalnaməçisi idi. O, ümummilli lider Heydər Əliyevin, son illərdə isə Prezident İlham Əliyevin çoxsaylı səfərləri zamanı AZƏRTAC-ın fotomüxbiri kimi çəkilişlər aparırdı. Oqtayın fotoları təkcə respublika mətbuatında yayılmırdı. Xarici informasiya agentlikləri də tez-tez ondan müxtəlif mövzularda fotoşəkillər sifariş edirdilər.
Səmimi insan, sədaqətli dost, gözəl ailə başçısı idi. Həmişə deyib-gülən Oqtayın çoxsaylı səfərlərlə bağlı, özünün və yol yoldaşlarının rastlaşdığı qəribə hadisələr barədə yumorla dolu şirin söhbətləri, heç kimin qəlbinə toxunmayan şux zarafatları hamıda xoş ovqat yaradırdı. Eyni zamanda, o, çox həssas qəlbli idi, haqsızlığı, kobudluğu, ədəb-ərkandan kənar hərəkətləri heç cür qəbul etmir, belə hallarla rastlaşanda etirazını, narazılığını gizlədə bilmirdi.
Oqtay Aydınoğlunun peşəkarlığı dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib, o, “Əməkdar mədəniyyət işçisi” fəxri adına və “Tərəqqi” medalına layiq görülüb.
Bu gün mərhum fotojurnalistin yolunu oğlu Aydın davam etdirir. AZƏRTAC-ın fotomüxbiri Aydın Oqtayoğlu atası kimi ən qaynar nöqtələrdə, ölkə həyatının müxtəlif sahələrində çəkilişlər aparır.