REGİONLAR
Heydər Əliyev siyasəti əbədiyaşardır
Masallı, 13 iyul, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Ümummilli Liderin hakimiyyətə gəlməsinin 50-ci ildönümünə həsr olunmuş “Ulu öndər Heydər Əliyev siyasəti əbədiyaşardır” mövzusunda konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, bu gün dünyada elə bir xalq tapmaq olmaz ki, tarixin taleyüklü və mürəkkəb mərhələsində onun taleyində müstəsna rol oynamış, dövlətçilik ənənələri formalaşdırmış milli lideri olmasın. Belə liderlərin mənalı və zəngin həyat səhifələrini vərəqləyərkən onların mənsub olduğu xalqların da dövlətçilik ənənələri, tarixi, inkişaf səviyyəsi barədə aydın təsəvvür yaranır. Bu dahi şəxsiyyətlər yüksək mənəvi aləmləri ilə, ali bəşəri və milli ideallara, ümummilli mənafelərə ürəkdən bağlılıqları ilə milyonların qəlbində özləri üçün möhtəşəm abidə ucaldırlar.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində müstəqil Azərbaycanın xarici siyasətində etibarlı tərəfdaşlıq və sabitlik mərkəzi kimi çıxış edən, iqtisadi və sosial rifah yolunda qətiyyətli addımlarla irəliləyən, “dövlət-vətəndaş” birliyinin təşəkkül tapdığı bir ölkəyə çevrilib.
Bildirilib ki, Azərbaycanı dirçəltmək, bütün sahələrdə öncül olmaq ulu öndərimiz Heydər Əliyevin taleyinə yazılmışdı. Yalnız böyük şəxsiyyətlərə məxsus olan keyfiyyətlərin Heydər Əliyevdə cəmləşməsinin nəticəsi idi ki, çox qısa bir zaman kəsiyində Azərbaycan keçmiş İttifaqa daxil olan respublikaların hamısının həsəd apara biləcəyi sıçrayışla tərəqqiyə nail oldu.
Diqqətə çatdırılıb ki, Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan 1993-cü ildən sonrakı on il ərzində böyük və şərəfli yol keçdi. 1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi yaddaşlarda və tarixdə qaldı. Bu illər ərzində dövlətçiliyin əsasları qoyuldu.
Azərbaycan dünya birliyinə özünü təqdim etdi, beynəlxalq əlaqələri inkişaf etdi. Dünya xəritəsində Azərbaycan özünə layiq yer tutdu, nəhəng sosial və iqtisadi islahatlar uğurla aparıldı. Azərbaycan bir neçə beynəlxalq təşkilata üzv oldu, ölkəmizə böyük həcmdə investisiyalar cəlb edildi. Azərbaycan belə bir möhkəm zəmin əsasında bu gün də inkişaf edir.
Böyük iftixar hissi ilə qeyd edə bilərik ki, Prezident İlham Əliyev tərəfindən Ümummilli Liderimizin siyasi kursu uğurla davam etdirilir. Bu siyasətə sədaqətlilik Azərbaycan xalqında parlaq gələcəyə inamı daha da artırıb.
Heydər Əliyev Mərkəzi ərazi ilk partiya təşkilatının sədri Dilbər İbayeva çıxışında qeyd edib ki, xalqımızın çoxəsrlik dövlətçilik tarixində ümummilli liderimiz Heydər Əliyevin müstəsna yeri və rolu var. Misilsiz xidmətləri ilə Azərbaycanın ən parlaq və şanlı tarixini yaratmış dünya şöhrətli xadim Azərbaycanda hakimiyyətdə olduğu hər iki dövrdə xalqın milli maraqlarına xidmət edib, Azərbaycan dövlətinin tərəqqisi uğrunda beynəlxalq aləmdə böyük uğurlara imza atıb.
Digər çıxış edənlər də ulu öndər Heydər Əliyevin xalq və Vətən qarşısındakı misilsiz xidmətlərindən, ölkəmizin dünya birliyində layiqli yer tutmasından danışıblar.