ELM VƏ TƏHSİL
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müasir Azərbaycanın inkişafının təməli qoyulub
Bakı,14 iyun, AZƏRTAC
Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə apardığı ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkəmizi dünyada tanıdıb.
Bu fikri AZƏRTAC-a müsahibəsində AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq elmləri doktoru, professor Aytən Mustafazadə deyib.
O qeyd edib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi bəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulub. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçib. Sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi dahi rəhbər Heydər Əliyevin adı ilə bağlıdır. İctimai-siyasi və mədəni həyatımızın elə bir sahəsi yoxdur ki, orada dahi rəhbərin quruculuq fəaliyyətinin fundamental nəticələri aydın şəkildə görünməsin.
Aytən Mustafazadə vurğulayıb ki, Ulu Öndərin siyasəti dövlətimizin müstəqilliyinin əbədi olmasına, insan hüquqlarının qorunmasını rəhbər tutan vətəndaş cəmiyyətinin qurulmasına yönəlmişdi. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Bu istiqamətdə uğurlu addımlar atılır.