SİYASƏT
Hikmət Babaoğlu: Qardaş Türkiyədə baş verən meşə yanğınları hər bir azərbaycanlıda böyük kədər hissi yaratdı
Bakı, 30 iyul, AZƏRTAC
Qardaş Türkiyədə baş verən meşə yanğınları hər bir azərbaycanlıda böyük təəssüf və kədər hissləri yaratdı. Azərbaycan xalqı qardaş türk xalqının bu faciəvi yanğının da öhdəsindən gələcəyinə inanır və bütün imkanları ilə onun yanında olmağa hazırdır.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Deputat qeyd edib ki, yanğından dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana baş vermiş faciədən dərin kədər hissi keçirdiyini, Azərbaycan hökuməti və xalqının hər zamankı kimi, bu gün də qardaş Türkiyə xalqı ilə həmrəy olduğunu bildirdi. Eyni zamanda, dağıdıcı yanğınlar nəticəsində həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığını ifadə etdi.
Bundan dərhal sonra Azərbaycanın Baş naziri Əli Əsədov qardaş ölkənin Vitse-prezidenti Fuat Oktayla əlaqə saxlayaraq Azərbaycanın hər cür yardım etməyə hazır olduğunu bildirdi.
Deputat deyib ki, hazırda isə Azərbaycan Prezidentinin tapşırıq və göstərişlərinə əsasən Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatların ən qısa zamanda qardaş Türkiyəyə göndərilməsi istiqamətində tədbirlər görülür. Lazım olacağı təqdirdə, həm texniki yardımın həcminin, həm də şəxsi heyətin sayının artırılması da nəzərdə tutula bilər. Türkiyə hər zaman Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da həmişə qardaş Türkiyənin yanındadır. Arzu edərdik ki, qardaş ölkədə bir daha belə kədərli hadisələr yaşanmasın və Türkiyə ilə Azərbaycan yalnız sevincli günlərdə biri-birilərinin yanında olsun.