SİYASƏT
Hikmet Eren: Heydər Əliyev Mərkəzinin binası üzərində Türkiyə bayrağının dalğalanmasını qürur və duyğu ilə seyr edirik
Ankara, 12 aprel, AZƏRTAC
Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağının bizim ölkənin musiqisinin müşayiəti ilə videoproyeksiya olunması Azərbaycan xalqının bitib-tükənməyən Türkiyə sevdasının daha bir nümunəsidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyədə fəaliyyət göstərən Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin (EkoAvrasiya) sədri Hikmet Eren səsləndirib.
Ümummilli lider Heydər Əliyevin “Bir millət iki dövlət!” ifadəsini xatırladan Hikmet Eren deyib: “Bütün dünya ölkələri kimi, Türkiyə də sıxıntılı günlər yaşayır. Əminliklə ifadə edə bilərəm ki, Heydər Əliyev Mərkəzinin binası üzərində Türkiyə bayrağının dalğalanmasını qürur və duyğu ilə seyr edirik. Bu, xalqımızın virusla bağlı mənfi emosiyasını azaldacaq. Bir daha gördük və əmin olduq ki, Azərbaycan heç vaxt Türkiyəni tək buraxmaz. Böyük Atatürk Azərbaycanın sevinci, sevincimi kədəri kədərimiz demişdi. İndi Azərbaycan bu müdrik ifadəyə əməli işlə qarşılıq verir: Hər zaman Türkiyənin yanındayıq, hər zaman Türkiyə ilə birlikdəyik”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara