DÜNYA
Hindistanın Kerala ştatında leysan yağışları 167 nəfərin həyatına son qoyub VİDEO
Bakı, 17 avqust, AZƏRTAC
Hindistanın cənubunda yerləşən və güclü musson yağışlarının təsiri altında düşən Kerala ştatında bir həftədən çoxdur davam edən leysan yağışları səbəbindən azı 167 nəfər həlak olub.
AZƏRTAC bu barədə NDTV telekanalına istinadla xəbər verir. Telekanalın məlumatına görə, avqustun 8-də Hindistanın cənub və cənub-qərb rayonlarında başlayan yağışlar indiyədək davam edir. Təbii fəlakət nəticəsində bir çox yaşayış məntəqəsi su altında qalıb, infrastruktura və vətəndaşların əmlakına ciddi ziyan dəyib. Hökumət ştat tarixində ilk dəfə olaraq 39 bənddən 35-ni açmaq məcburiyyətində qalıb. Ştatın bütün 14 rayonunda qırmızı təhlükə səviyyəsi elan olunub.
Hindistanın Baş naziri Narendra Modi Kerala ştatına gedəcəyini və yerli administrasiya nümayəndələri ilə regionda xilasetmə əməliyyatlarının gedişini müzakirə edəcəyini bildirib.
Avqustun 16-da Hindistan Hərbi Dəniz Qüvvələrinin Cənub Komandanlığı bütün təlimlərin dayandırılmasını, həmçinin zərərçəkən əhaliyə təcili yardım göstərmək üçün şəxsi heyətin və gəmilərin Kerala ştatına göndərilməsini əmr edib. Ölkənin Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterləri də xilasetmə əməliyyatlarına cəlb olunub.
Hökumətin hesablamalarına əsasən, region son 100 ilin ən dağıdıcı musson yağışları ilə üzləşib. Kerala ştatının əsas beynəlxalq aeroportunun eniş-qalxış zolağı tamamilə su altında qaldığından avqustun 15-də orada bütün reyslər dayandırılıb.
Hindistanda yağışlar mövsümü adətən iyunun ortalarında başlayır və sentyabr ayının sonlarına qədər davam edir.