ELM VƏ TƏHSİL
Hüseyn Cavidin “Ana” əsərinin ilk dəfə çap olunmasından 105 il ötür
Bakı, 5 iyun, AZƏRTAC
Bu il Azərbaycan romantizm ədəbi cərəyanının görkəmli nümayəndəsi, böyük dramaturq və şair Hüseyn Cavidin “Ana” pyesinin ilk dəfə çap olunmasından 105 il ötür. Bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Hüseyn Cavidin Ev-Muzeyində “dəyirmi masa” keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, “dəyirmi masa”da muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı böyük dramaturqun yaradıcılığı barədə məlumat verib. Bildirib ki, Hüseyn Cavid dramatik yaradıcılığa 1910-cu ildə yazdığı “Ana” pyesi ilə başlayıb. Onun qələmə aldığı bu pyes Azərbaycan dilində yazılmış ilk mənzum dram əsəri sayılır. Əsər 1913-cü ildə Tiflisdə (Tbilisi) “Gürcü şirkəti” mətbəəsində çap olunub. Qeyd olunub ki, “Ana” pyesinin mövzusu orta əsr italyan novellasından götürülsə də, Cavid onu yerli şəraitə, Azərbaycan mentalitetinə uyğunlaşdıraraq orijinal əsər meydana gətirib. Dramın qəhrəmanı Səlma ana obrazının timsalında mərdlik, mənəvi nəciblik, insani sədaqət duyğuları tərənnüm olunub.
Daha sonra muzeyin elmi işçiləri əsər haqqında dolğun xronoloji məlumat verərək, pyesin səhnələşdirmə tarixindən, əsərin qəhrəmanlarından - Səlma ana, Qanpolad, İsmət, Səlimin rollarından bəhs ediblər.
Tədbirdə, həmçinin “Hüseyn Cavidin “Ana” əsəri-105 (ədəbi-tarixi xronika)” mövzusunda məruzə dinlənilib.
Muzey əməkdaşları Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun quruluş verdiyi “Ana” dramının premyerasına tamaşa ediblər.