RƏSMİ XRONİKA
İÇƏRİŞƏHƏRLƏ TANIŞLIQ
Litva Respublikasının Prezidenti Valdas Adamkus və xanımı Alma Adamkiene iyunun 9-da İçərişəhəri gəzmişlər.
“Azərxalça” İstehsalat Birliyinin “Azərbaycan xalçaları” sərgi salonundan başlayan gəzinti xalq rəssamı Kamil Əliyevin şəxsi yaradıcılıq xalça muzeyi, Karvansara və Qız qalası ilə tanışlıqla davam etdirildi.
Ali qonaq və xanımı müxtəlif çeşnili xalçalara maraqla tamaşa etdilər, burada gördüklərindən məmnun qaldılar. Onlara Azərbaycan xalqının qədim sənətlərindən biri olan xalçaçılıq haqqında məlumat verildi. Qonaqlar xalçanın toxunma prosesini də izlədilər. Litva Prezidentinə xatirə olaraq, əl ilə toxunmuş Şirvan xalçası hədiyyə edildi.
Kamil Əliyevin şəxsi yaradıcılıq xalça muzeyində Heydər Əliyev, Atatürk, Nizami, Füzuli, Nəsimi, Aleksandr Puşkin və başqa görkəmli şəxsiyyətlərin portretləri toxunmuş xalçalar qonaqlarda xüsusi maraq doğurdu. Litva Prezidenti və xanımı xalqımızın ümummilli lideri Heydər Əliyevin portreti toxunmuş xalça önündə xatirə şəkli çəkdirdilər.
Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Azərbaycan Prezidentinin “İçərişəhər” Dövlət tarix-memarlıq qoruğu” haqqında Fərman imzaladığını, Nazirlər Kabineti yanında “İşərişəhər” Dövlət tarix-memarlıq qoruğu idarəsi yaradıldığını bildirdi, ötən əsrlərin yadigarı olan abidələrin qorunması və bərpasına göstərilən dövlət qayğısından danışdı.
Prezident Valdas Adamkus və xanımı sonra Karvansarada çay süfrəsi arxasında Azərbaycan milli musiqisini dinlədilər. H.Abutalıbov burada Litva Prezidentinə və xanımına, bütün litvalı qonaqlara Bakının rəngli iplərlə toxunmuş emblemini, paytaxtın görkəmli yerlərindən bəhs olunan video CD hədiyyə etdi.
Litva Prezidenti və xanımına Qız qalası haqqında da məlumat verildi, onlar abidənin qarşısında xatirə şəkilləri çəkdirdilər.