İQTİSADİYYAT
İİTKM-də aparıcı şirkətlərin nümayəndələri ilə müzakirələr aparılıb
Bakı, 7 dekabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİKTM) icraçı direktoru Vüsal Qasımlı dünyanın aparıcı konsaltinq və innovativ şirkətlərinin – “Microsoft”, “Visa”, “A.T.Kearney” və “PwC” - nümayəndələri ilə ayrılıqda görüşərək Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar barədə müzakirələr aparıb.
V.Qasımlı qeyd edib ki, bu il həyata keçirilən inqilabi sosial islahatlar, struktur və kadr islahatları müvafiq olaraq insan kapitalının və institutların inkişafı baxımından vacibdir: “Son 15 ildə 3,3 dəfə böyüyən Azərbaycan iqtisadiyyatının yenidən yüksək artım tempinə nail olması innovativ yanaşmadan asılıdır. Yaxşı idarəetmə, əlverişli biznes mühiti, bazarlara çıxış, texnologiyaların tətbiqi və insan kapitalının inkişafı əsas prioritetlərimizdi. Azərbaycanın de-industrializasiya mərhələsinə keçidi baş verir ki, iqtisadiyyatın əsas drayverlərindən biri olan xidmət sektorunun – informasiya və rabitə texnologiyaları, turizm, nəqliyyat və logistika – rolu da artır.”
Aparıcı şirkətlərin nümayəndələri Azərbaycandakı iqtisadi islahatları yüksək qiymətləndirməklə yanaşı, həm də bu prosesdə iştirak etdiklərini də bildiriblər. Azərbaycanla dünyanın aparıcı şirkətlərinin əməkdaşlıq imkanları da keçirilən görüşlərdə müzakirə edilib.
Eyni zamanda, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin innovativ layihələri – “Azexport.az”, “Enterpriseazerbaijan.com”, Rəqəmsal Ticarət Qovşağı, “Azranking.az”, “Monitoring.az”, “Azerp.az” və “Azkob.az” – üzrə əməkdaşlığın gücləndirilməsi də qərara alınıb.
“Microsoft”, “Visa”, “A.T.Kearney” və “PwC” şirkətlərinin nümayəndələri İİTKM-də fəaliyyət göstərən “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti ilə tanış olublar.