ELM VƏ TƏHSİL
“İLİN ƏN YAXŞI MÜƏLLİMİ” VƏ “ İLİN ƏN YAXŞI MƏKTƏBİ” MÜSABİQƏLƏRİNİN NÖVBƏTİ MƏRHƏLƏSİ İLƏ BAĞLI MÜZAKİRƏLƏR APARILMIŞDIR
Təhsil Nazirliyində “İlin ən yaxşı müəllimi” və “İlin ən yaxşı məktəbi” müsabiqələrinin növbəti mərhələsinə həsr olunmuş müşavirə keçirilmişdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, təhsil naziri Misir Mərdanov “İlin ən yaxşı müəllimi” müsabiqəsinin üçüncü mərhələsi ilə bağlı nəzərdə tutulan tədbirlərdən danışmış və bu mərhələdə müəllimlərin 10 dəqiqəlik təqdimatla çıxış edəcəyini bildirmişdir. Nazir həmin müəllimlərin qiymətləndirilməsi üçün müvafiq meyarların hazırlanmasının vacibliyini qeyd etmişdir.
Tədbirdə ilk olaraq Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə müsabiqədə iştirak edən müəllimlərin təqdimatı, müvafiq işin iyunun sonunadək başa çatdırılması, bu mərhələ üzrə meyarların müəyyənləşdirilməsi, “İlin ən yaxşı məktəbi” müsabiqəsi üzrə görülən işlər və digər məsələlər ətrafında müzakirələr aparılmışdır.
Sonra M.Mərdanov bu günlərdə keçirilən sınaq imtahanının nəticələrindən söz açmış, təşkilati işlərin daha mütəşəkkil qurulmasından danışmışdır. Nazir, həmçinin imtahan mərkəzlərinin sayının artırılması və məktəb direktorlarının bu işə cəlb olunmasının müsbət nəticələr verdiyini qeyd etmişdir.
Müşavirədə nazir M.Mərdanov orta ümumtəhsil məktəblərində xarici dilin tədrisi vəziyyəti barədə fikirlərini açıqlamış və müvafiq istiqamətdə pilot layihə həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirmişdir.