MƏDƏNİYYƏT
“IMAGINE” Avropa Tolerantlıq Festivalı bir çox müxtəlif tədbirləri özündə birləşdirəcək
Bakı, 6 sentyabr, AZƏRTAC
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi oktyabrın 12-dən 20-dək Bakıda ilk dəfə “IMAGINE” Avropa Tolerantlıq Festivalı keçirəcək. Festival Avropa İttifaqının əsasını qoyan Roma müqaviləsinin imzalanmasının 60 illiyi münasibətilə reallaşdırılacaq.
Festival Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, quruma üzv dövlətlərin Azərbaycanda akkreditə olunmuş səfirlikləri, “Park Cinema”, “Landmark Hotel”, “DokuBaku”, “United Cultures”, Baku Media Center, “YARAT” ilə birgə əməkdaşlıq çərçivəsində və “Turkish Airlines” aviaşirkətinin dəstəyi ilə təşkil olunacaq.
“IMAGINE” Avropa Tolerantlıq Festivalının əsas məqsədi mədəniyyətlərarası dialoq və tolerantlıq kimi dəyərləri müxtəlif incəsənət nümunələrində əks etdirməkdir.
Festival bir çox müxtəlif tədbirləri - musiqili tamaşaları, debatlar və müzakirələri, film nümayişlərini, foto və videomüsabiqəni, incəsənət sərgilərini və s. özündə birləşdirəcək. “IMAGINE” çərçivəsində keçiriləcək tədbirlərdə bir sıra tanınmış rejissorlar, musiqiçilər və digər sənətkarların iştirakı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə “IMAGINE” Avropa Tolerantlıq Festivalına həsr olunmuş mətbuat konfransında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyin rəhbərinin birinci müşaviri Denis Daniilidis məlumat verib.
Bildirilib ki, Avropa Tolerantlıq Festivalı çərçivəsində “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı da keçiriləcək. “DokuBaku”nun təsisçilərindən biri, rejissor İmam Həsənov deyib ki, tolerantlıq və müxtəliflik mövzusunu özündə əks etdirən 20 Avropa sənədli filmi festival çərçivəsində təqdim olunacaq. “DokuBaku” festivalı dünyanın hər yerindən seçilmiş məşhur sənədli və reallığa əsaslanan filmləri Azərbaycan tamaşaçılarına nümayiş etdirəcək. İlk dəfə keçiriləcək festivalın əsas mövzusu sosial və mədəni məsələlərə qarşı yeni yanaşmanı araşdıran reallığın yoxlanılmasıdır.
Konfransda, həmçinin qeyd olunub ki, bu il “Sosial dəyişiklik üçün kino” proqramının beşinci buraxılışı “IMAGINE” və “DokuBaku” festivallarının bir hissəsi kimi həyata keçiriləcək. “Sosial dəyişiklik üçün kino” mühüm sosial və siyasi məsələləri özündə əks etdirən və Polşanın Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı ilə Adam Mitskeviç İnstitutu tərəfindən təşkil olunan beynəlxalq film layihəsidir.
Nəzərə çatdırılıb ki, “IMAGINE”, “DokuBaku” və “Sosial dəyişiklik üçün kino”nun birgə əməkdaşlığı nəticəsində Bakının müasir, tarixi kino zallarında və kafelərində dünyanın 20 ölkəsindən 40-dan çox filmi izləmək imkanı yaranacaq.
Bildirilib ki, əlavə olaraq, Azərbaycan tamaşaçılarında sənədli film janrına marağı artırmaq üçün festival yerli film istehsalçılarını sənədli film istehsalına və nümayişinə cəlb edir və bu işdə onlara öz dəstəyini əsirgəmir. Film nümayişi zamanı yerli və beynəlxalq kino mütəxəssislərinin iştirak etdiyi və müxtəlif sosial mövzuların müzakirə olunduğu debatlar və müzakirələr təşkil olunacaq.
Qeyd olunub ki, “IMAGINE” və “DokuBaku” yerli aktyor və film istehsalçılarına bu festivalda iştirak etmək imkanı verir. “IMAGINE” tolerantlıq mövzusunda foto və videomüsabiqə keçirir. “DokuBaku” isə öz müsabiqə proqramı üçün ölkədə və xaricdə yaşayan azərbaycanlı rejissorlar tərəfindən çəkilən qısametrajlı sənədli filmlərin qəbulunu elan edib. Filmlərin qəbulu sentyabrın 10-dək davam edəcək. Təqdim edilən filmlərdən 15-nin seçilməsi nəzərdə tutulur.
Mətbuat konfransında çıxış edənlər festivalın davamlı olaraq keçiriləcəyini söyləyiblər.
Sonra İmam Həsənovun “Hope” sənədli filmi nümayiş olunub.