ELM VƏ TƏHSİL
İNFORMASİYA KOMMUNİKASİYA TEXNOLOGİYASI MÜTƏXƏSSİSLƏRİ MƏKTƏBLƏRİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞMÜŞLƏR
Görüş Azərbaycan hökuməti və BMT-nin İnkişaf Proqramının Azərbaycanın informasiya kommunikasiya texnologiyaları üzrə Milli Strategiyası (İKTMS) və onun ilkin mərhələdə həyata keçirilməsi layihəsi çərçivəsində Azərbaycan məktəbləri arasında keçirilən “Ən yaxşı məktəb veb-səhifəsi” müsabiqəsinə həsr olunmuşdu.
Görüşdə iştirak edən Bakı məktəblərinin müəllim və şagirdləri, İKTMS layihəsinin milli ekspertləri, Bakı Dövlət Universitetinin və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının informatika müəllimləri veb- səhifələrinin yaradılması istiqamətində fikir mübadiləsi aparmışlar.
Tədbirdə, həmçinin müasir təhsil kompleksində İKT tətbiqi, informatika fənninin tədrisi haqqında geniş məlumat verilmişdir.
BDU-da və digər ali təhsil ocaqlarında veb- proqramlaşdırma üzrə qısamüddətli kursların keçirilməsi qərara alınmışdır. Həmçinin müsabiqənin nəticələrinin elan edilməsinin müddəti bir ay uzadılmışdır.
Qeyd edilmişdir ki, kursların əsas məqsədi tez bir zamanda şagirdlərə “Ən yaxşı məktəb veb-səhifəsi” müsabiqəsi çərçivəsində öz məktəblərinin veb-səhifələrini hazırlamaq üçün xüsusi proqramlarla işləmək vərdişlərinə yiyənlənməkdə kömək göstərməkdir. Belə kursların rayon və kənd məktəblərinin şagirdləri üçün də keçirilməsi planlaşdırılır.
Müsabiqə üç nominasiya - şəhər, rayon və kənd məktəbləri üzrə keçirilir.
Artıq 20-dən çox məktəbin veb-səhifəsi hazırlanmış və "www.mekteb.edu.az" internet saytında yerləşdirilmişdir.