DÜNYA
İNGİLTƏRƏDƏ İNƏK 18 AYLIQ KÖRPƏNİN HƏYATINI XİLAS ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, İngiltərənin “San” qəzetinin yazdığına görə, Böyük Britaniyada heyvan bədənindən köçürülmə sayəsində Alişa Nattal adlı 18 aylıq qızcığazı xilas etmək mümkün olmuşdur. Həkimlər inəyin ürək toxuması ilə onun ürəyindəki 2 yırtığı yamamışlar. Alişa Liverpuldakı Alder Hey uşaq klinikasında üzərində belə cərrahiyyə əməliyyatı aparılan ilk xəstələrdən biridir. Onun valideynləri Endryu Nattal və Reyçel Yats demişlər: “Alişa iri körpə idi. Ona görə də klinikada qərara gəldilər ki, onun üzərində belə əməliyyat aparmaq olar”.
Hazırda uşaq özünü yaxşı hissi edir. Cərrah–pediatr Antonio Korno bildirmişdir ki, bu növ əmliyyatlarda inək, donuz və atın canlı toxumalarından istifadə olunur. Həkimlər süni materiallardan daha çox bioloji üsullara üstünlük verirlər. Onların dediklərinə görə, Alişa 3-4 yaşına çatanda onun üzərində daha bir əməliyyat aparılmalıdır, çünki ürəyi hələ də qaydasında deyildir.