SİYASƏT
İRAQIN YENİ HÖKUMƏTİ AND İÇMİŞDİR
“And içirəm ki, İraq xalqının rifahı, ölkənin suverenliyi və birliyi naminə var qüvvəmlə çalışacağam. Allah mənim sözlərimə şahiddir!” Sentyabrın 3-də İraqın yeni hökumətinin üzvləri bu cür and içmişlər.
Təntənəli mərasim Müvəqqəti İdarəetmə Şurasının (MİŞ) himayəsi, ABŞ-ın mülki inzibatçısı Pol Bremerin və ölkənin dini liderlərinin iştirakı ilə Bağdaddakı Konqreslər sarayında keçirilmişdir.
“Əd-Dəava” partiyasının lideri, MİŞ-ə avqust ayı ərzində başçılıq etmiş İbrahim əl-Cəəfəri yeni yaradılan hökumətin tərkibini yüksək qiymətləndirərək, ona peşəkarların və siyasi qüvvələrin nümayəndələrinin daxil olduğunu bildirmişdir.
Hökumətdə baş nazir yoxdur. Bu, o deməkdir ki, Nazirlər Kabineti öz addımlarını Pol Bremerin başçılıq etdiyi orqanla sıx əlaqələndirəcəkdir.
İordaniya, Suriya, İran və Birləşmiş Ərəb Əmirlikləri İraqın yeni hökuməti ilə qarşılıqlı əməkdaşlıq etməyə hazır olduqlarını bildirmişlər.