MƏDƏNİYYƏT
İRAQ-TÜRKMAN ƏDƏBİYYATI NÜMAYƏNDƏLƏRİNİN YUBİLEYİ QEYD OLUNMUŞDUR
Muzeyin direktor müavini Məsiağa Məhəmmədi İraq türkmanları ilə Azərbaycan arasında ədəbi əlaqələrin möhkəmləndirilməsində filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin xidmətlərini yüksək qiymətləndirmişdir. Muzeydə İraq türkman ədəbiyyatı ekspozisiyasının yaradılması da məhz onun təşəbbüsüdür.
Tədbirdə Q.Paşayev “Əta Tərzibaşının həyat və yaradıcılığı”, filologiya elmləri namizədi Gülzar İbrahimqızı isə “Nəsrin Əta Ərbilin həyat və yaradıcılığı” mövzusunda məruzə etmişlər.
Məruzələrdə “Kərkük əskilər sözü”, “Kərkük mahnıları”, “Kərkük şairləri” çoxcildliyinin, M.Füzuliyə, M.Şəhriyara aid ciddi araşdırmaların müəllifi Əta Tərzibaşının kərkük ədəbi tənqidində, folklorşünaslığında əvəzsiz xidmətlərindən bəhs edilmişdir. Bildirilmişdir ki, Ə.Tərzibaşı 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
İstər Tərzibaşının, istərsə də kərkük poeziyasında görkəmli yerlərdən birini tutan, xarici olkələrdə keçirilən şer müsabiqələrinin qalibi Nəsrin Ərbilin kitabları Azərbaycanda kütləvi tirajla nəşr olunmuşdur.
Filologiya elmləri doktoru, professor Bəhlul Abdulla, filologiya elmləri namizədi İmamverdi Həmidov və başqaları xalqlarımız arasında ədəbi-mədəni əlaqələrin genişləndirilməsində belə tədbirlərin əhəmiyyətini vurğulamışlar.