SİYASƏT
“İRS” jurnalının İsraildə ilk sayı nəşr olunub
Bakı, 4 dekabr, AZƏRTAC
Azərbaycanın tarixini, mədəniyyətini, etnoqrafiyasını xarici ölkələrdə tanıtmağı qarşısına məqsəd qoyan “İRS” jurnalı 20 ilə yaxındır ki, çap olunur və 60-dan çox ölkədə 16 müxtəlif dillərdə oxuculara təqdim edilir.
AZƏRTAC xəbər verir ki, jurnalın sayca 17-ci dildə nəşri bu yaxınlarda İsraildə baş tutub.
Bu gün Azərbaycan-İsrail münasibətləri ən yüksək səviyyədədir. Dostluğa və etimada söykənən Azərbaycan-İsrail əməkdaşlıq ənənəsi beynəlxalq tərəfdaşlıq üçün bir nümunədir. Ən çətin dövrlərdə bu ölkələr həmişə birlikdə hərəkət etmiş və bir-birinə qarşılıqlı dəstək göstəriblər.
Belə məqamda İRS kimi tanınmış jurnalın İsraildə nəşrə başlaması iki ölkənin mehriban, dostluq əlaqələrinin inkişafında yeni səhifədir. Jurnalın baş redaktoru Musa Mərcanlı ön sözündə “İRS- מורשת” jurnalının iki ölkə arasında bir körpü yaradacağını, Azərbaycan həqiqətlərinin, ortaq mədəniyyət və dəyərlərimizin bir güzgüsü olacağını qeyd edib.
Jurnalın İsrail üzrə məsul redaktoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər üzrə tanınmış ekspert Arye Qut isə iki dost ölkə arasındakı əlaqələrin tarixi, hazırkı vəziyyəti və perspektivləri haqqında geniş təhlili analizlə çıxış edib. “Azərbaycan uğurlu geosiyasi və geoiqtisadi təşəbbüslər sayəsində regionun ən güclü geosiyasi aktoruna çevrilib. Cənubi Qafqaz kimi strateji regionda heç bir siyasi, iqtisadi məsələ və nəqliyyat məsələsi Azərbaycanın iştirakı və razılığı olmadan həll edilə bilməz. Azərbaycan ilə İsrail arasında diplomatik münasibətlərin 29 illik tarixi ərzində yəhudi dövləti ilə əhalisinin əksəriyyəti müsəlmanlar olan dövlət arasında strateji münasibətlərin zəruri və həyat qabiliyyətli olması sübut edilib. Bizim dost ölkələr həqiqətən etibarlı strateji tərəfdaşlar kimi qarşılıqlı fəaliyyət göstərir, biz həmişə bir yerdə, çiyin-çiyinə olmuşuq”, – Arye Qut məqalədə qeyd edir.
İsrailin tanınmış siyasi xadimi, keçmiş müdafiə və xarici işlər naziri Aviqdor Liberman “Azərbaycan İsrailin strateji tərəfdaşıdır” adlı yazısında iki dövlət arasındakı münasibətləri yüksək qiymətləndirərək özünü Azərbaycanda doğma hiss etdiyini qeyd edir. Azərbaycan Prezidenti İlham Əliyevlə səmimi münasıbətindən yazan müəllif Qarabağın işğaldan azad olunmasını tarixi zərurət hesab edərək bu sahədə İsrailin beynəlxalq hüquq müstəvisində atdığı addımları da vurğulayır.
Qarabağ hadisələri ilə bağlı jurnalist David Peres və İsraildə Azərbaycan Evinin rəhbəri Şirin Nehamiya Mihayelin məqalələri bölgədəki real durumu oxuculara müfəssəl çatdırır.
Akko şəhərinin meri, Azərbaycanın böyük dostu Şimon Lankri isə öz məqaləsində Azərbaycana səfərindən, bu ölkənin insanlarından, yəhudi xalqına qarşı səmimi münasibətdən, Xocalı hadisələrindən geniş söhbət açır.
Jurnalın 1-ci sayında Rafi Harpaz, Milix Yevdayev, Yael Kfir və İris Jorletin müxtəlif mövzularda məqalələri dərc edilib. Bütün bu yazıların əsas qayəsi Azərbaycan-İsrail münasibətlərinin daha da möhkəmlənməsi, hər iki xalqın bir-birini daha da yaxından tanımasıdır. İnanırıq ki, İRS jurnalının İsraildə nəşrə başlaması da bu sahədə öz töhfəsini verəcək.