MƏDƏNİYYƏT
İSMAYILLININ TURİZM POTENSİALINDAN SƏMƏRƏLİ İSTİFADƏ OLUNUR
Bakı, 1 avqust (AZƏRTAC). “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” İsmayıllıda da bu sahənin inkişafı üçün əlavə imkanlar açmışdır.
Hazırda İsmayıllıda 17 turizm mərkəzinın fəaliyyət göstərməsi son illər rayonda bu sahənin sürətli inkişafının əyani göstəricisi hesab oluna bilər.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, misilsiz təbiət mənzərələri, potensial turizm imkanları İsmayıllıda turizm sektorunun inkişafına ciddi zəmin yaratmışdır. Bunun nəticəsidir ki, 2009-cu ildə İsmayıllıda cəmi 15 minə yaxın turist istirahət etdiyi halda, cari ilin 6 ayında rayona 4 mini əcnəbi olmaqla 23 min 358 turist gəlmişdir.
Hazırda İsmayıllıdakı turizm obyektləri gün ərzində 1500-ə yaxın qonağı qəbul edə bilir. Onlara müxtəlif xidmətlər təklif edilir. Rayon ərazisində istirahət obyektlərinin sayının artması, sağlam rəqabət nəticəsində bu il qiymətlərdə güzəştlər də müşahidə olunur.
Azərbaycanın bu ecazkar diyarının simasını müəyyənləşdirən zümrüd meşələr, göllər, çaylar, buz bulaqlar, Basqal, Lahıc kimi qədim və nadir yaşayış məhtəqələri, tarixi abidələr onu ölkəmizə gələn xarici turistlər üçün valehedici məkana çevirmişdir.