DÜNYA
İSPANİYADA “ƏL-CƏZİRƏ”NİN MÜXBİRİ AZADLIĞA BURAXILMIŞDIR
Həbsxanalar idarəsinin nümayəndəsi bildirmişdir ki, Aluni humanizm baxımından azad edilmişdir. Müxbir hipertoniya, xroniki ürək və bel sümüyü xəstəliklərindən əziyyət çəkir.
İspaniya vətəndaşlığı almış Suriya mənşəli jurnalist ötən ilin sentyabrında 7 il azadlıqdan məhrum edilmişdi. O, terrorçuluğu maliyyələşdirməkdə - 2001-ci ildə 1 nömrəli terrorçu ben Ladendən müsahibə almaq üçün onun silahdaşlarından birinə 4 min dollar verməkdə təqsirləndirilirdi.
Aluni bu ittihamı rədd edərək bildirmişdir ki, “Əl-Qaidə”nin fəallarını heç vaxt pulla ələ almamışdır. Ben Laden Alunini bütün dünyada məşhurlaşdıran müsahibəni ona Əfqanıstanda pulsuz vermişdir.
Aluninin məhkəməsi beynəlxalq hüquq mühafizə təşkilatlarında və jurnalist qurumlarında kəskin etiraz doğurmuşdur. Onlar İspaniya məhkəməsini ABŞ-a qulluq göstərməkdə ittiham etmişlər.
Lakin buna baxmayaraq, Aluni şərti cəza çəkəcək, polisin onun yerdəyişməsini nəzarətdə saxlaması üçün elektron bilərzik gəzdirəcəkdir. Bundan əlavə, o, ailəsi ilə birlikdə yaşadığı Qranadanın komissarlığına müntəzəm baş çəkməlidir.