DÜNYA
İSVEÇ TƏDQİQATÇILARI VİKİNQLƏRİN GƏMİSİNDƏ BAKIYA GƏLƏCƏKLƏR
AZƏRTAC-ın Tbilisidən aldığı xəbərə görə, vikinqlərin bərpa olunmuş gəmisində səyahətə çıxan bir qrup İsveç tədqiqatçısı iyunun 20-də Gürcüstanın Poti limanına gəlməyi planlaşdırır. Onlar qədim vikinqlərin gəmisinin dəqiq oxşarı olan qayıqla Ukrayna, Rusiya və Gürcüstan sahillərindən keçərək, Xəzər dənizinə çıxmaqla, əfsanəvi İsveç səyyahı Böyük İnqvarın yolunu təkrar qət etmək niyyətindədirlər. “Vitfarne ekspedisiyası” adlanan bu layihənin rəhbəri Hokan Altrokdur.
Gəmi Krım yarımadasından və Rusiya sahillərindən ötüb, Gürcüstanın Poti limanına gəlməli, buradan da Rioni çayı ilə ölkənin içərilərinə getməlidir. Sonra ekspedisiya iştirakçıları səyahətlərini quru ilə davam etdirərək, gəmilərini Kür çayının Xəzər dənizinə töküldüyü mənsəbinə gətirməlidirlər.
Səyahətin son nöqtəsi Bakıdır. Tarixi məlumata görə, vikinqlər XI əsrdə İnqvarın başçılığı ilə öz səyahətlərini məhz bu marşrutla həyata keçirmişdilər.
Ekspedisiyanın təşkilatçıları bildirirlər ki, onun başlıca məqsədi keçdiyi ölkələr haqqında tarixi məlumatlar toplamaqdan əlavə, həm də bu ölkələrin alimləri və arxeoloqları ilə əlaqələr yaratmaq, mədəni və işgüzar münasibətləri inkişaf etdirməkdir.