DÜNYA
İTALİYA BAŞSIZ VENERANI LİVİYAYA QAYTARACAQ
AZƏRTAC Assoşieyted Press Agentliyinə istinadla xəbər verir ki, İtaliya məhkəməsi Kirenalı Venera kimi məşhur olan ilahənin mərmər heykəlinə Liviyanın iddialarının qanuniliyini təsdiq etmişdir. Hələ ta qədimlərdən başı kəsilmiş heykəli arxeoloqlar 1913-cü ildə İtaliyanın müstəmləkəsi sayılan Kirenada qazıntılar zamanı taparaq, Romaya gətirmişlər. Heykəlin Liviyaya nə zaman qaytarılacağı məlum deyildir.
Kirenalı Veneranın geri qaytarılması ilə əlaqədar Liviya ilə İtaliya arasında formal razılaşma hələ 2002-ci ildə əldə edilmişdir. Lakin mədəniyyət abidələrinin qorunması ilə məşğul olan “İtalia Nostra” təşəbbüs qrupu bu prosesə əngəl törətmişdir. Heykəlin qaytarılmasının əleyhdarları belə bir faktı səbəb gətirərək bildirirlər ki, Liviya 1913-cü ildə İtaliyanın müstəmləkəsi olmuşdur. Lakin məhkəmə bunu tutarlı dəlil saymamışdır.
Kirenalı Venera heykəli eramızın II əsrində mərmərdən yonulmuşdur. Hesab edilir ki, heykəltəraş abidəni yaradarkən Afrodita Anadiomenanın (“Sudan çıxan”) ellinizm dövründə çəkilmiş məşhur rəsmindən ilhama gəlmişdir. Hazırda heykəl Roma Milli Muzeyində saxlanılır.