MƏDƏNİYYƏT
“İçərişəhər”: təmir-bərpa işləri Qala divarının dayanıqlığına və görünüşünə xələl gətirmir
Bakı, 25 aprel, AZƏRTAC
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (İDTMQİ) vətəninin tarixini sevən və qiymətləndirən hər kəsdən hadisələrə obyektiv və qərəzsiz yanaşmağı xahiş edir.
AZƏRTAC xəbər verir ki, bu fikir Qoruq İdarəsinin İçərişəhərlə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlarla bağlı açıqlamasında yer alıb.
Açıqlamada bildirilir ki, çəkilən fotoşəkillərdən də görmək olar ki, heç bir beton materialın istifadəsindən, abidəyə zərər gəlməsindən söhbət gedə bilməz. Daşların arasında boy atmış bitkilər də bunun bariz nümunəsidir.
Qeyd edilir ki, ötən ilin sonundan etibarən Qoruq İdarəsi tərəfindən Kiçik Qala küçəsində, Qala divarları boyunca uzun illər həmin ərazidə yerləşən və abidələrə heç bir zərər yetirməyən kafe-terasların genişləndirilməsi layihəsi həyata keçirilir. Layihə işləri qətiyyən tikinti mahiyyəti kəsb etməyərək, sadəcə şüşə və yüngül metal materialdan ibarət birmərtəbəli şüşəli qapalı və üzərində açıq yaz-yay kafe-terraslarının yaradılmasını nəzərdə tutur.
Bu üslubda təmir-bərpa işləri Qala divarlarına heç bir zərər vurmamaqla yanaşı nə İçərişəhərin, nə də Qala divarının dayanıqlığına və görünüşünə xələl gətirmir. İstənilən miqyasda konstruksiya işləri həm daxili, həm zahiri baxımdan İçərişəhərin ənənəvi memarlıq üslubuna uyğunlaşdırılır və yalnız İdarə tərəfindən təsdiqləndikdən sonra həyata keçirilir.
İdarə bir daha dəqiqləşdirilməmiş və həqiqətə uyğun olmayan məlumatları yaymamağa çağırır.