CƏMİYYƏT
İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru səhiyyə sahəsində innovativ rəqəmsal texnologiyaların tətbiqindən danışıb
Bakı, 27 avqust, AZƏRTAC
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Qəhrəman Haqverdiyev onlayn müsahibədə səhiyyə sahəsində innovativ rəqəmsal texnologiyaların tətbiqindən danışıb.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən bildirilib.
Qəhrəman Haqverdiyev mərkəzin əsas funksiyasının ölkədə səhiyyənin inkişaf etdirilməsindən ibarət olduğunu qeyd edib: “Mərkəzimizin korporativ saytı www.isim.az-dır, burada bütün innovativ layihələrimizin linklərini tapa bilərsiniz. Bir il əvvəl istifadəyə verilmiş və Finlandiyanın “Duodecim” şirkəti ilə əməkdaşlıqda www.ebmg.az tibbi protokollar internet-portalı yaradılıb. İxtisaslı tibb kadrları yetişdirmək üçün hər 5-6 ildən bir yenilənən məlumat və biliklərdən xəbərdar olmaq lazımdır. Belə ki, 100 minə yaxın istifadəçinin ziyarət etdiyi bu portal vasitəsilə 1000 protokol Azərbaycan dilinə artıq tərcümə edilib”.
İSİM tərəfindən yaradılmış məhsulların mövzusunu davam etdirən Qəhrəman Haqverdiyev tibbi işçilərin fəaliyyətini daha da rahatlaşdıran "MD Referans" mobil əlavəsinin də adını çəkib. Onun sözlərinə görə, protokollar, bir sıra ixtisaslar üzrə yüzlərlə tərcümə olunmuş və orijinal elmi və praktik məqalələr, həkimlər və tibb bacıları üçün videomühazirələr artıq bu tətbiqdə yerləşdirilib: “Üstəlik, hazırda biz ora Azərbaycanda qeydiyyata alınan dərmanların bir neçə min təlimatını əlavə etmək üzərində işləyirik. Nəticədə tibb işçiləri üçün cib elektron arayış kitabçası alınacaq. Bu yaxınlarda yeni startap olan və dərman vasitələrinə həsr olunmuş internet-portalın və ona aid mobil tətbiqin istifadəyə verilməsi gözlənilir. Bundan başqa, cəmi bir həftə bundan əvvəl İSİM, Azərbaycan Tibb Universiteti və Səhiyyə Nazirliyinin Həkimlərin Təkmilləşdirmə İnstitutu ilə əməkdaşlıqda həkimlər üçün daha bir yararlı təhsil mənbəyi olan www.ecourses.az saytının yaradılacağı haqda elan edib. Bu sayt dünyada məşhur və populyar onlayn təlim resurslarının modeli əsasında yaradılıb. Təhsil müəssisələrinin müəllimləri, mütəxəssislər və elmi işçilər tibbin müxtəlif sahələrinə aid olan mühazirələrini ora yükləyə biləcəklər. Yüzlərlə tələbə və həkimə uzaqdan təhsil almağa imkan verdiyinə görə COVID-19 pandemiyası zamanı bu məhsula tələbat daha da artıb. Biz yerli, türk, alman və rus həmkarlarımızın onlarla təlim kurslar və təqdimatlarını elektron qaynaqlarımıza artıq yerləşdirmişik”.
Müsahibəsinin sonunda Qəhrəman Haqverdiyev İctimai Səhiyyə və İslahatlar Mərkəzinin gələcək planlarından danışıb: “Bu il üçün planlaşdırılmış işlər sırasına palliativ qulluq üçün kompüter platformalarının yaradılması, reproduktiv sağlamlıq üçün yeni mobil tətbiqlər, uşaq inkişaf gündəliyi, tibb bacıları üçün dərslik, interaktiv ilk yardım kurslarının istifadəyə verilməsi və sair layihələr daxildir. Həmçinin gələcəkdə interaktiv oyun proqramlarının, İSİM-də artıq fəaliyyət göstərən simulyasiya mərkəzi üçün virtual genişlənmiş reallıqdan istifadə etməklə həkimlər üçün təlimlərin yaradılmasını planlaşdırırıq”.