İQTİSADİYYAT
İctimai iaşə fəaliyyəti ilə məşğul olanlar sadələşdirilmiş vergiödəyicisi ola bilərlər
Bakı, 2 mart, AZƏRTAC
Vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200 min manatdan çox olan və yeganə fəaliyyəti ictimai iaşə olan şəxslər sadələşdirilmiş vergiödəyicisi olmaq hüququndan istifadə etmək üçün "İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergiödəyicisi olmaq hüququndan istifadə etməsi haqqında məlumat forması" ilə vergi orqanına müraciət edə bilərlər.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, bu halda yeganə fəaliyyəti ictimai iaşə olan şəxslər sözügedən fəaliyyət üzrə sadələşdirilmiş vergini 8 faiz dərəcə ilə hesablayırlar. İctimai iaşə fəaliyyəti dedikdə isə fəaliyyət göstərdiyi xidmət obyektinin ərazisində və ya səyyar qaydada alıcıya istehlak məqsədilə hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyəti başa düşülür. Həmin şərtlərə cavab verməyən (fəaliyyəti yalnız ictimai iaşə olmayan) və müvafiq məlumat formasını təqdim etməyən vergiödəyiciləri isə ƏDV qeydiyyatına durmaq öhdəliyi yarandığı dövrdən etibarən müvafiq ərizə ilə vergi orqanına müraciət edərək ƏDV ödəyicisi kimi ƏDV bəyannaməsini təqdim etməlidirlər.