CƏMİYYƏT
İctimai iaşə müəssisələrinə təyin olunan məsul şəxslərlə görüş keçirilib
Bakı, 27 fevral, AZƏRTAC
Nazirlər Kabinetinin qərarına əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ilə ictimai iaşə obyektlərinin rəhbərləri tərəfindən daxili qaydada təyin olunmuş məsul şəxslər arasında videokonfrans formatında görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə paytaxtın Nəsimi və Nizami rayonlarında yerləşən 30-a yaxın ictimai iaşə müəssisəsinə təyin olunan məsul şəxs iştirak edib.
Görüşdə yoluxma hallarının effektiv idarə edilməsi, qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə bu cür hallarla bağlı təsirlərin minimuma endirilməsi üçün məsul şəxslər tərəfindən operativ nəzarətin mütəmadi qaydada həyata keçirilməsinin zəruriliyi iştirakçıların diqqətinə çatdırılıb. Qeyd olunub ki, xəbərdaredici məlumatların qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə çatdırılması, işçi heyət üçün gigiyena və sanitariya qaydaları ilə bağlı təlimlərin təşkili məsul şəxslərin vəzifələrindəndir, ictimai iaşə müəssisələrinə təyin olunan məsul şəxslər bütün təmizlik və dezinfeksiya tədbirlərinin ardıcıl olaraq qeydiyyatının aparılması üçün gündəlik nəzarət formalarını, habelə keyfiyyətə nəzarət cədvəllərini tərtib etməli və onların icrasına nəzarəti həyata keçirməlidir.
İştirakçıların nəzərinə çatdırılıb ki, məsul şəxslər barədə müvafiq məlumatların Qida Təhlükəsizliyi Agentliyinə təqdim edilməsinə monitorinqlər zamanı ciddi nəzarət olunur, belə müəssisələr aşkar olunduqda onların fəaliyyəti barədə qanunvericiliyə uyğun tədbirlər görülür.
Məsul şəxslərin gördüyü işlər barədə hesabatlar dinlənilib, onların sualları mütəxəssislər tərəfindən cavablandırılıb.