REGİONLAR


“İdeyadan biznesə” startap turunun Lənkəran üzrə qalibləri müəyyənləşib

Lənkəran, 18 may, Bağır Əliyev, AZƏRTAC

“İdeyadan biznesə” layihəsi çərçivəsində növbəti startap turu Lənkəran şəhərində keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə birgə Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, “Microsoft” şirkətinin təşkilatçılığı, “Azercell” şirkətinin və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin tərəfdaşlığı ilə keçirdiyi startap turlarının məqsədi startap hərəkatının genişləndirilməsinə, vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək göstərməkdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran Heydər Əliyev Mərkəzində keçirilən startap turuna Lənkəranla yanaşı, Astara, Masallı, Lerik, Yardımlı, İmişli, Cəlilabad və digər ətraf rayon və şəhərlərdən 100-dək gənc qatılıb.

Tədbiri açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli “İdeyadan biznesə” layihəsinin konsepsiyası, məqsədi və hədəfləri barədə iştirakçıları məlumatlandırıb. Ölkə rəhbərliyinin diqqət və qayğısı ilə startap ekosisteminin inkişaf etdirildiyini vurğulayan T.Kərimli innovativ ideyası olan gəncləri cəsarətli olmağa səsləyib. O, Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya Mərkəzində startapçılara layihələrini reallaşdırmaq üçün lazımi şərait yaradıldığını da qeyd edib.

“Microsoft Azərbaycan” şirkətinin nümayəndəsi Rüfət Əzizov çıxışında təmsil etdiyi şirkətin qlobal bazarda tutduğu mövqeyi xatırladaraq, startap ideyalarının böyük perspektivlərə yol açdığını deyib.

“AIESEC Azerbaycan”ın nümayəndəsi Fərid Əliyev isə geniş təqdimatla çıxış edərək, startap ideyalarının reallaşdırılması istiqamətində beynəlxalq təcrübədən danışıb. O, təqdimatların düzgün hazırlanması, uğurlu biznes-planın tərtib olunması üsulları ilə bağlı fikirlərini bölüşüb.

Lənkəran Dövlət Universitetinin Elektron Universitet bölməsinin rəhbəri Mayis Eyniyev isə startap turunun Lənkəranda keçirilməsini təmsil olunduğu universitetin tələbələri üçün yaxşı şans kimi qiymətləndirib. Müasir dövrdə daha geniş imkanların olduğunu vurğulayan M.Eyniyev novator gənclərin bundan yararlanaraq biznes mühitinin fəal iştirakçısına çevrilə biləcəyini qeyd edib.

Sonra iştirakçılar üçün informativ sessiya keçirilib. Sessiyada gənclərə biznes layihələrinin hazırlanması, müzakirəsi və təqdimatı, eləcə də startap-komandaların və ideyaların formalaşdırılması yolları öyrədilib.

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan qrant alan “CustomAR” şirkətinin “Yüksəklik” döyüş oyunu da tədbir iştirakçılarına əyani nümayiş olunub. Məlumat üçün bildirək ki, “Yüksəklik” – Virtual Reallıq döyüş oyunudur. Oyun düşmənə qarşı vuruşan qəhrəman əsgərlərimizə həsr edilib. Oyunun hazırlanmasında 2016-cı ilin aprel ayında cəbhə xəttində Milli Ordumuzun düşməndən qəhrəmanlıqla azad etdiyi Lələtəpə yüksəkliyindən ilham alınıb.

Sonra təşkil olunan interaktiv hissədə startap turunun Lənkəran şəhəri üzrə müəyyən edilmiş mentorları tərəfindən iştirakçılar üçün müsabiqə və müxtəlif mövzular üzrə təlimlər keçirilib.

Mentorlar Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, “Microsoft Azərbaycan”, “Azercell”, “AIESEC Azerbaycan”, Elektron idarəçiliyin və informasiya cəmiyyətinin inkişaf mərkəzi" və Azərbaycan Texniki Universitetinin nümayəndələrindən təşkil olunub.

Təlimlərdən sonra Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin də fəal iştirakı ilə 11 komanda formalaşdırılıb. Hər bir komandaya bir mentor rəhbərlik edib və onları müsabiqə üçün hazırlayıb. Daha sonra komandalar arasında müsabiqə keçirilib və onlar öz ideyalarını münsiflər heyəti qarşısında təqdim ediblər.

Müsabiqədə Lənkəran şəhəri üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qalibləri müəyyənləşib. “Dis Rep” layihəsi birinci, “Smart Səbət” ideyası ikinci, “Time to go” layihəsi isə üçüncü olub.

Qalib olan layihələr Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanıb.

Xatırladaq ki, Milli Finalda qalib gələcək 1-ci, 2-ci və 3-cü yerlərin sahibləri təşkilatçılar və tərəfdaşlar tərəfindən mükafatlandırılacaq, eyni zamanda, 24-cü “Bakutel” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində layihələrini təqdim etmək imkanı əldə edəcəklər.

Növbəti startap turlarının Quba, Şəki, Gəncə, Naxçıvan, Sumqayıt və Bakı şəhərlərində keçirilməsi nəzərdə tutulur. İlk startap turu Mingəçevir şəhərində keçirilib. Turlarda “http://www.i2b.az” saytında qeydiyyatdan keçərək iştirak etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.