CƏMİYYƏT
İkinci Dünya müharibəsi bəşəriyyətin ən ağır və dəhşətli dövrü olub
Bakı, 8 may, AZƏRTAC
Azərbaycan Tibb Universitetində (ATU) İkinci Dünya müharibəsi veteranları ilə görüş keçirilib
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, universitetin rektoru, professor Gəray Gəraybəyli Tibb Universitetində çalışan İkinci Dünya müharibəsi veteranları ilə görüşüb.
Rektor faşizm üzərində Qələbənin 72-ci ildönümü – 9 may Qələbə Günü münasibətilə “1941-1945-ci illər Vətən müharibəsində fədakar əməyə görə” medalı ilə təltif edilmiş arxa cəbhə veteranlarını universitetin professor-müəllim heyəti və tələbələri adından təbrik edib. G.Gəraybəyli bildirib: “XX əsrdə İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub. Çox təəssüf ki, Qələbə bayramı bir müddət qeyd olunmadı. Lakin ulu öndərimiz Heydər Əliyev bu bayramın da qeyd olunmasının bərpasına nail olub”.
Sonra ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Cahangir Qasımov rektorun əmri ilə tədbir iştirakçılarını tanış edib. Əmrə əsasən arxa cəbhə veteranları mükafatlandırılıblar.