CƏMİYYƏT
Prezident İlham Əliyevin tətbiq etdiyi yeni idarəçilik texnologiyalarının nəticələri ölkə əhalisinin sosial rifahının qorunmasını təmin edir
Bakı, 17 oktyabr, AZƏRTAC
Bu gün Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edir. Prezident İlham Əliyevin tətbiq etdiyi yeni idarəçilik texnologiyalarının nəticələri ölkə əhalisinin sosial rifahının qorunmasına hesablanıb.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, fəlsəfə doktoru, dosent Yusif Ağayev deyib.
“Son illər, xüsusi ilə postpandemiya dövründə iqlim dəyişiklikləri, enerji səmərəliliyi və yaşıl enerjiyə keçid məsələləri qlobal miqyasda böyük aktuallıq qazanmaqdadır. Şübhəsiz ki, bütün bu proseslər ölkə iqtisadiyyatına, əhalinin rifah halına təsir etməkdədir. Belə bir həssas dönəmdə ölkə rəhbərliyinin əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qabaqlayıcı tədbirlər görməsi olduqca vacib və məntiqlidir”,- deyə alim bildirib.
Onun sözlərinə görə, Sərəncam beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarının yumşaldılması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır. Sərəncamda göstərilən müddəalar aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin dəyişdirilməsi onların gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılır.
Bu məqsədlə Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərin hazırlanması və dövlət başçısına qısa müddətdə təqdim edilməsi tapşırılıb.
Sosial ödənişlərdə növbəti artımlar edilməsini nəzərdə tutan bu Sərəncam Azərbaycan vətəndaşının rifahının qorunması, təminatı və həssas qrupların sosial müdafiəsinin Prezident İlham Əliyevin siyasətində başlıca istiqamət olduğunu bir daha təzahür etdirir.
Son illərdə Azərbaycan Respublikasında davamlı inkişaf naminə təbii ehtiyatların idarəedilməsi, xüsusilə də enerji səmərəliliyi sahəsində qazanılmış nəticələr Azərbaycan Respublikasının əldə etdiyi yüksək göstəricidir.
Yusif Ağayev deyib: “Göstərilən nailiyyət ölkədə dövlət idarəçiliyi sahəsində Prezident İlham Əliyev tərəfindən tətbiq edilən unikal dövlət idarəçiliyi texnologiyalarının yekunu və gerçəkləşdirilən uğurlu siyasətin parlaq təcəssümüdür. Eyni zamanda bu, Azərbaycan Respublikasının ekoloji təhlükəsizliyin təmin olunması və qlobal iqlim dəyişmələrinə təsirlərin azaldılmasına dair beynəlxalq öhdəliklərinə məsuliyyətlə yanaşmasından xəbər verir.
Yeni yüksək texnologiyaların tətbiqi və iqtisadi inkişaf proseslərinin idarəedilməsi sistemlərinin optimallaşdırılması əsasında tətbiq edilən yeniliklər, ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarının yumşaldılması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır”.