CƏMİYYƏT
İlhami Rəfibəyli: Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi medalının bizim üçün mənəvi dəyəri çox böyükdür
İstanbul, 23 sentyabr, AZƏRTAC
Mən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təsis edilmiş medalı Rəfibəylilər adına almışam. Biz Türkiyədə yaşayırıq, amma hər zaman Azərbaycan həsrəti və Azərbaycan sevgisi ilə böyümüşük.
Bu sözləri AZƏRTAC-a müsahibəsində İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının varislərinə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” medalının təqdim edilməsi mərasimində İlhami Rəfibəyli bildirib. O deyib: “Bu medalın mənəvi dəyəri çox böyükdür. Bu, eyni zamanda, insanların bir-birinə yaxınlaşması üçün də bir vasitədir. Medalın təsis edilməsi Azərbaycan hökuməti tərəfindən atılan çox gözəl bir addımdır və bunun üçün minnətdarlığımı bildirirəm. Düşünürəm ki, belə tədbirlərin keçirilməsi dünya azərbaycanlılarının birliyinin möhkəmlənməsinə töhfə olacaq”.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul