CƏMİYYƏT
İlin birinci yarısında 60 nəfər insan alveri qurbanına müxtəlif növ yardımlar göstərilib
Bakı, 4 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi bu ilin birinci yarımilində 76 nəfərə yardım göstərib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 60 nəfəri Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən yönləndirilmiş insan alveri qurbanları olub. Qalan 16 nəfərini isə insan alverinin potensial qurbanları, yəni, insan alveri qurbanına çevrilmək riski ilə üzləşənlər təşkil edib.
İnsan alveri qurbanlarının cəmiyyətə reinteqrasiyası, normal həyat tərzinə qaytarılması məqsədilə sosial reabilitasiya yönümlü tədbirlər həyata keçirilib. Onların, habelə insan alverinin potensial qurbanlarının bir çoxuna ehtiyacları nəzərə alınmaqla eyni vaxtda bir neçə növ yardım göstərilib. Belə ki, 36 nəfər hüquqi, 27 nəfər tibbi, 38 nəfər psixoloji yardımla təmin edilib, 12 nəfər Gəncədəki “Təmas” Regional İnkişaf İctimai Birliyinin sosial sığınacağına yerləşdirilib. İnsan alveri qurbanlarından 2 nəfərin məşğulluğuna, 8 nəfərin peşə hazırlığına cəlb olunmasına kömək göstərilməsi üçün nazirlik yanında Dövlət Məşğulluq Xidməti ilə birgə işlər aparılıb. Bir nəfərin övladı uşaq bağçasına yerləşdirilib, bir şəxsin müalicəsi üçün isə zəruri dərman preparatları alınıb.