SİYASƏT
İlyas Umaxanov: Azərbaycanlı həmkarımızın çıxışında qaldırılan məsələlərin əksəriyyəti konfransın yekun sənədində öz əksini tapacaq
Sankt-Peterburq, 19 aprel, AZƏRTAC
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun Azərbaycana səfərinin məqsədi parlamentlərarası əməkdaşlığı dövlətlərimizin başçılarının qarşılıqlı siyasi fəaliyyəti səviyyəsinə qaldırmaq olub.
Bu fikri AZƏRTAC-ın müxbirinə müsahibəsində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədr müavini İlyas Umaxanov söyləyib. O qeyd edib ki, Rusiya və Azərbaycan arasında münasibətlər çox dinamik və ardıcıl inkişaf edir. “Nümayəndə heyətimizə göstərilən səmimi və xoş münasibəti böyük minnətdarlıqla qəbul edirik. Prezident İlham Əliyev Valentina İvanovnanı yüksək mükafat - “Dostluq” ordeni ilə təltif etdi. Çox məhsuldar danışıqlar oldu, parlamentlərarası qarşılıqlı fəaliyyət üzrə komissiyanın tərkibinin yenilənməsi və onun işinə əlavə impuls verilməsi barədə razılıq əldə etdik. Hesab edirəm ki, ən yaxın vaxtda Rusiyada parlamentlərarası komissiyanın iclası keçiriləcək və gündəliyə ölkələrimizi narahat edən ən aktual məsələlər daxil ediləcək”, deyə İ.Umaxanov vurğulayıb.
İ.Umaxanov xatırladıb ki, dünən Sankt-Peterburqda keçirilən beynəlxalq terrorçuluğa qarşı konfransda müxtəlif beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. O deyib: “Milli Məclisin deputatı Əli Hüseynlinin çıxışı çox əsaslandırılmış idi. Söhbət həm qanunvericilik təşəbbüslərindən, həm də Azərbaycan ərazilərinin işğalı ilə bağlı dözülməz vəziyyətdən gedirdi. Zənnimcə, konfransın yekun sənədində azərbaycanlı həmkarımızın çıxışında səslənən fikirlərin əksəriyyəti öz əksini tapacaq”.
Sədr müavini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsinə də toxunaraq qeyd edib ki, bu yaxınlarda Moskvada keçirilmiş Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü problemin həllində “təmkinli nikbinlik” üçün əsas verir: “Sakitlik, soyuqqanlılıq və müəyyən məxfilik tələb edən çox həssas mövzu müzakirə olunurdu. Lakin mövcud olan rəylər deməyə əsas verir ki, bir neçə ağır, mübahisəli məsələlərin nizama salınmasında təmkinli nikbinlik hiss edə bilərik. Rusiya bu məsələnin həllində çox maraqlıdır”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Sankt-Peterburq